Döyüşlər Ermənistan ərazisində aparılmır

Rusiya Prezidenti Vladimir Putin Dağlıq Qarabağ ətrafındakı vəziyyəti faciə adlandırıb və Rusiyada bununla bağlı çox narahat olduqlarını bildirib.

Foodinfo.az-ın məlumatına görə, o bu sözləri “Rossiya 24” telekanalına müsahibəsində deyib.

V.Putin bu münaqişənin tezliklə başa çatacağına ümidvar olduğunu bildirib:

“Münaqişə tamamilə başa çatmasa və belə görünür ki, bu, tezliklə olmayacaq, ancaq biz bunun üçün çağırışlar edirik. Mən bir daha demək istəyirəm ki, biz atəşi dayandırmağa çağırırıq, bunu mümkün qədər tezliklə etmək lazımdır”.

Rusiya Prezidenti əlavə edib ki, Ermənistan rəhbərliyinin Rusiyaya müttəfiqlik öhdəliklərinin icrası ilə bağlı sualı yoxdur:

“Məlum olduğu kimi, Ermənistan KTMT üzvüdür və bizim bu müqavilə çərçivəsində müəyyən öhdəliklərimiz var. Çox təəssüf ki, döyüşlər hələ də davam edir. Amma döyüşlər Ermənistan ərazisində aparılmır. Öhdəliklərimizə gəldikdə, biz onları yerinə yetirmişik, yerinə yetiririk və yerinə yetirəcəyik”.