Uşaqlara öpüşlə keçən xəstəlik

Uşaqlarda yaranan xəstəliklərdən biri də öpüş xəstəliyidir. Uşaqları öpməklə özümüz də bilmədən onları virusa yoluxdurmuş oluruq. Bu xəstəliyin əlamətləri, gedişatı necə olur? Ondan necə qorunmaq olar.

Foodinfo.az e-tibb.az-a istinadən həkim-pediatr Günay Rəsulovanın uşaqlarda öpüş xəstəliyi barədə məqaləsini təqdim edir:

Uşaqları öpməklə keçən bu xəstəlik Epşteyn-Barr adlı bir virus tərəfindən törədilir. Yoluxma tüpürcək vasitəsilə olduğu üçün uşaqları ağızdan və ya ağıza yaxın yerdən öpmək olmaz. İnsanların 95%- bu xəstəliyi keçirir. Bəzi uşaqlarda bu xəstəlik hiss edilmədən keçir, bəzilərində isə ağırlaşmalarla üzə çıxır. Uşağı yoluxduran şəxs adətən saqlam olur. Çünki bu xəstəliyi keçirən şəxsin tüpürcəyində virus 6 ay, bəzən də 1 ilə qədər qala bilir və bu “sağlam” şəxs uşağı öpməklə onu çox ciddi təhlükə ilə qarşı-qarşıya qoyur.

Xəstəliyin əlamətləri:

Virus orqanizmə daxil olduqdan sonra boğazda çoxalır,ordan qan və limfa vasitəsilə bütün orqanizmə yayılır və digər daxili orqanlarda da(qaraciyər, dalaq) infeksiya törədir.

Beləliklə uşaqda

– Boğaz ağrısı

– Qızdırma

– Boyun limfa düyünlərinin, qaraciyərin, dalağın böyüməsi

– Halsızlıq, qarın ağrısı, baş ağrısı və s

Bu sadalanan əlamətlər bütün yuxarı tənəffüs yolu xəstəliklərində görülə bilir, lakin öpüş xəstəliyində əlamətlər daha qabarıq olur, boğaz ağrısı, şiddətli qızdırma -38-38,5 dərəcə 5-10 günə qədər davam edə bilir. Yanaşı olaraq limfa düyünləri, qaraciyər və dalaq da böyüyür.

Yersiz penisillin qrupu antibiotik istifadəsi nəticəsində bədəndə səpgilər əmələ gəlir. Xəstəlik klinik gedişatında bəzən öz-özünə sağalır, bəzən də ağırlaşmalarla üzə çıxa bilir.

Ağırlaşmaları:

– Ensefalit

– Meningit

– Ürək əzələsinin zədələnməsi, miokardit,perikardit.

Xəstəliyin diaqnostikası necə aparılır? Tipik müayinə bulqularına əlavə, qanın ümumi analizi (limfositar leykositoz, trombositopeniya) periferik yaxmada atipik limfositlər və virusun spesifik antitellərinin qanda aşkarlanmasi ilə diaqnoz qoyulur.

Müalicəsi

Spesifik bir müalicəsi yoxdur. Simptomlara yönəlik-qızdırma varsa, qızdırma salıcı vermək, dəstək müalicə yataq istirahəti ilə aparılır. Xəstəlikdən qorunmaq üçün uşaqları öpmək olmaz!

Xüsusilə bağçaya gedən uşaqlar oyuncağı ağıza götürməklə xəstəliyə yoluxa bilər, bundan başqa ağızdan su axan uşaqlar tüpürcəklə asanlıqla digər uşaqlari yoluxdura bilər. Ona görə bu yaşda olan uşaqlarda gigiyenaya xüsusilə riayət edilməlidir.