Koronavirusun mövsümiliyi barədə ÜST-dən açıqlama

Dünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusu mövsümi xəstəlik saymır.

“RİA Novosti”nin məlumatına görə, bu barədə təşkilatın Kəskin Xəstəliklər Bölməsinin Texniki Qrupunun rəhbəri Maria van Kerkhove onlayn brifinq zamanı deyib.

Onun sözlərinə görə, ümumiyyətlə yoluxucu infeksiya dalğaları müzakirə olunduqda, bu cür xəstəliklərin mövsümi olduğu görünür (qripdə olduğu kimi). Onun fəallığı Şimal və Cənub Yarımkürələrində qış aylarında infeksiyaların artmasında əks olunur.

“Amma biz hələ ki, bu virusda (SARS-CoV-2) mövsümilik görmürük. O, hər şəraitdə, iqlimdə və bölgələrdə dövr edir”, – deyə mütəxəssis vurğulayıb.

Van Kerkhove bəzi ölkələrdə infeksiya sayının artmasının məhdudlaşdırıcı tədbirlərin götürülməsi ilə əlaqəli olduğunu izah edib. Belə ki, səlahiyyətlilər yoluxmanın pikini azalda və infeksiyanın yayılmasını nəzarət altına ala bilirlər, lakin, karantin yumşaldıqdan sonra xəstəlik yenidən yayılır.