Kəhrizlərin bərpası ilə bir ildə 8 milyon kubmetr təmiz su əldə etmək mümkündür

Azərbaycanda kəhrizlərin tədqiqatı ilə əlaqədar qrup yaratmaqla Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gəncə, Samux, Goranboy, Yevlax, Bərdə, Tərtər, Ağcabədi rayonları ərazilərində yayılmış kəhrizləri öyrəndik. Nəticədə qısa müddətdə kəhrizləri cüzi xərclə bərpa edərək bir ildə 8 milyon kubmetr təmiz su əldə etməyin mümkün olduğunu sübuta yetirdik.
Foodinfo.az xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında ilk dəfə Azərbaycanda kəhriz sistemləri, onların konstruktiv elementləri, iş prinsipi, plana alınması, sərf edilməsinin ölçülməsi, morfometrik ölçülərinin təyinini aparmış torpaqşünas alim, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyev deyib.
Alim xatırladıb ki, “Azərsu” ASC rəhbərliyinin köməyi ilə 2016-2017-ci illərdə Azərbaycanda mövcud kəhriz sistemlərinin tədqiqi və onların gələcəkdə ehtimal oluna bilən suyun potensial imkanının müəyyənləşdirilməsi işləri həyata keçirilib. Sevindirici haldır ki, bu gün Ağstafa rayonunun Həsənsu kəndində qədim “Həsənsu” kəhrizinin “Azərsu” ASC tərəfindən bərpasına başlanılıb. Düşünürəm ki, digər rayonlarda da etibarlı su mənbəyi olan qədim abidələrimizə – kəhrizlərə diqqət artırılmalıdır.
Azərbaycanda kəhrizlərin texniki pasportlaşdırılması məsələsindən danışan Ə.Quliyev qeyd edib ki, bu məsələyə Naxçıvan Muxtar Respublikasında xüsusi diqqət ayrılıb. 2004-cü ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun Sərəncamı ilə muxtar respublikanın Meliorasiya və Su Təsərrüfatı Komitəsinin nəzdində Kəhrizlər İdarəsi yaradılıb. Bütün kəhrizlər pasportlaşdırılıb və hətta müasir GPS sistemində çıxış nöqtələrinin koordinatları da sənədləşdirilib. Artıq bu xeyirxah işin müsbət nəticəsi olaraq 200-dən çox kəhriz bərpa olunub və müvafiq sahədə fəaliyyət davam etdirilir.