“Made in Azerbaijan” brendi pandemiya şəraitində də nüfuzunu artırır

FAO 6 avqust 2020-ci il tarixli açıqlamasında göstərir ki, Qlobal Ərzaq Qiyməti İndeksi 2020-ci ilin iyul ayında orta hesabla 94,2 bənd təşkil edərək əvvəlki ayla müqayisədə 1,2 faiz (1,1 bənd) çox, ötən ilin iyul ayı ilə müqayisədə isə 0,9 faiz (0,9 bənd) azdır. Vəziyyəti daha aydın təsəvvür etmək üçün bəzi rəqəmləri nəzərdən keçirək.

2020-ci ilin ikinci rübündə dünya bazarında düyünün 1 tonunun qiyməti kəskin şəkildə artaraq 514,9 dollara çatsa da, bu ilin iyulunda əvvəlki ay ilə müqayisədə 7,87 faiz azalaraq 463,4 dollar səviyyəsində qərarlaşmışdır.

Son bir il ərzində dünya bazarında xam ipəyin qiymətində əsasən azalma trendi müşahidə olunmuşdur. Cari ilin iyul ayında 1 ton xam ipəyin qiyməti isə əvvəlki aya nisbətən 4,72 faiz ucuzlaşaraq 39,2 min dollar olmuşdur. Quru baramanın qiyməti də keçən ilin iyul ayı ilə müqayisədə xeyli aşağıdır. Eləcə də 2017-2019-cu illər ərzində zeytun yağı dünya bazarında əvvəlki illərə nisbətən xeyli ucuz satılmışdır. Lakin bu ilin əvvəlində zeytun yağının qiymətində davam edən ucuzlaşma fevral ayından artım ilə əvəz olunmuşdur – 2020-ci ilin iyul ayında zeytun yağının 1 tonunun qiyməti əvvəlki ay ilə müqayisədə 1,06 faiz bahalaşaraq 2,87 min dollara çatmışdır.

Qiymətlərin qeyri-müəyyən, bəzən də xaotik dəyişməsi qismən pandemiya dövründə ortaya çıxan çətinliklərlə bağlıdır. Belə ki, işçi qüvvəsinin çatışmazlığı, yolların bağlanması, sərhədlərin qapanması, yükdaşımaların kəskin azalması və digər amillər bütünlükdə aqrar sektorda proqnozlaşdırılması mümkün olmayan çətinliklər yaratmışdır. Gözlənilməz çətinliklər, həlli mümkünsüz olan problemlər aqrar sektorda bir sıra fəsadlara rəvac vermişdir.

Belə bir vəziyyətdə Azərbaycanda kənd təsərrüfatı məhsullarının fasiləsiz istehsalı üçün ciddi tədbirlər görülmüş, fermerlərin, torpaq sahiblərinin normal fəaliyyəti üçün bütün lazımi tədbirlər həyata keçirilmışdır. İstehsal edilən məhsullar yerli və xarici bazarlara sürətlə çatdırılmışdır. Nəticədə 2020-ci ilin 7 ayı ərzində meyvə-tərəvəz ixracı 359,6 milyon, pambıq lifi ixracı 71,6 milyon, pambıq ipliyi ixracı 10,6 milyon, şəkər ixracı 9,3 milyon, bitki, heyvan mənşəli piy və yağların ixracı 13,7 milyon, çay ixracı 5,5 milyon dollar dəyərində olmuşdur. Faktiki olaraq Azərbaycan məhsullarının ixracının artması, ölkə iqtisadiyyatına xarici investisiyaların cəlb edilməsi, “Made in Azerbaijan” brendinin təşviqi istiqamətində ilboyu görülən işlər müsbət nəticəsini vermişdir.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev də son illər qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən islahatlar, qeyri-neft məhsullarının ixracı və dəstəklənməsi, “Made in Azerbaijan” brendinin xarici ölkələrdə tanıdılması və xarici investisiyaların təşviqi istiqamətində zəruri addımların atıldığını bildirir. Onun sözlərinə görə, cari ilin əvvəlindən Azərbaycan şirkətləri Almaniyada “Beynəlxalq Yaşıl Həftə 2020”, Rusiyada “Prodexpo 2020”, BƏƏ-də “Gulfood 2020” sərgilərində iştirak etmiş, Azərbaycan məhsulları “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş olunmuşdur.

Hazırda İqtisadiyyat Nazirliyinin dəstəyi, AZPROMO-nun təşkilatçılığı ilə yerli şirkətlər cari il sentyabrın 22-25-də Moskvada keçiriləcək “Worldfood 2020” beynəlxalq ərzaq sərgisində iştirak etməyə hazırlaşırlar. Sərgidə nar şirəsi, fındıq, şərab və digər spirtli içkilər, meyvə və tərəvəz, mineral sular, qənnadı və un məmulatları, çay, mürəbbə, kompot, limonad, meyvə quruları kimi qida məhsulları “Made in Azerbaijan” vahid ölkə stendində sərgi ziyarətçilərinə təqdim olunacaq. Azərbaycan şirkətləri artıq 4-cü dəfədir ki, bu sərgidə öz məhsullarını nümayiş etdirəcəklər.

“Worldfood 2020” beynəlxalq ərzaq sərgisində iştirak qeyri-neft sektorunun ixrac coğrafiyasının genişləndirilməsi, məhsullarımızın xarici bazarlara ixracının artırılması, ənənəvi Rusiya bazarında mövqeyinin möhkəmləndirilməsi, Azərbaycan sahibkarlarının xarici iş adamları ilə əlaqələrinin daha da gücləndirilməsi baxımından xüsusilə əhəmiyyətlidir. Bundan əlavə, 2020-ci ilin sonunadək Azərbaycan sahibkarlarının Şanxay şəhərində keçiriləcək “3-cü Çin beynəlxalq idxal” ərzaq sərgisində iştirakı da nəzərdə tutulur.

Göründüyü kimi, ölkəmizdə aqrar sektoru təmsil edən qurumlar pandemiya şəraitində fəaliyyətlərinə nəinki ara verir, əksinə, “Made in Azerbaijan” brendinin nüfuzunun gücləndirilməsi istiqamətində zəruri addımlar atırlar. Onu da qeyd edək ki, “Made in Azerbaijan” brendinin təşviqi məqsədilə indiyədək Azərbaycan şirkətlərinin xarici ölkələrə 33 ixrac missiyası təşkil olunmuş, yerli məhsullar 33 beynəlxalq sərgidə vahid ölkə stendində təqdim edilmişdir. Bu ilin yanvar-avqust aylarında ixrac təşviqinin ödənilməsi ilə bağlı daxil olan müraciətlər əsasında 80 sahibkarlıq subyektinə 6,3 milyon manatdan çox ixrac təşviqi ödənilmişdir. Ümumilikdə isə, indiyədək sahibkarlara 23,2 milyon manatdan artıq ixrac təşviqi verilmişdir. Məhz belə düşünülmüş addımlar aqrar sektorun inkişafını təmin edir, Azərbaycan brendinin formalaşmasında, yeni bazarlara çıxmasında ciddi rol oynayır.