AQTA yanında yaradılacaq İctimai Şuranın seçki komissiyasının ilk iclası keçirilib

Ölkəmizdə Qida təhlükəsizliyi sahəsində birgə səmərəli fəaliyyətin inkişaf etdirilməsi və yeni təkliflərin hazırlanmasında vətəndaş cəmiyyəti təsisatlarınının fəal iştirakını təmin etmək məqsədilə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) yanında İctimai Şuranın yaradılması üzrə müvafiq işlər görülməkdədir.

Qeyd edək ki, Şuranın tərkibinin formalaşdırılması məqsədilə ölkə ərazisində koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı tətbiq olunan xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq, Agentlik tərəfindən 4 üzv, vətəndaş cəmiyyəti institutu nümayəndələrindən isə 5 üzv olmaqla seçki komissiyasının videobağlantı formatında ilk iclası keçirilib.

İclasda komissiya üzvləri Şuraya namizədlərin irəli sürülməsi, qeydiyyatının başlanılması, başa çatması vaxtının elan edilməsi və bir sıra texniki məsələlər ilə bağlı müzakirələr aparıb, müvafiq qərarlar qəbul ediblər. Bundan əlavə, komissiya üzvləri yaradılan yeni Şuranın Agentliyin fəaliyyətində aşkarlığın və şəffaflığın təmin olunması, bu sahədə dövlət siyasətinin formalaşması, həyata keçirilməsi və qərarların qəbulu zamanı ictimai rəyin və vətəndaşların qanuni maraqlarının nəzərə alınmasına töhfə verəcəyini diqqətə çatdırmışlar.