UNEP: ərzaq sistemlərində islahatlar qlobal istiləşmə ilə mübarizə aparmağa kömək edəcək

Ərzaq məhsulları istehsalının və çatdırılmasının yeni üsullarına keçid, həmçinin dünya əhalisinin əsas qida rasionunun dəyişməsi istixana qazları tullantılarının azaldılmasına və planetin sürətli qlobal istiləşməsinin qarşısını almağa kömək edə bilər.
AZƏRTAC xəbər verir ki, bu barədə BMT-nin Ətraf Mühit Proqramı (UNEP), Dünya Təbiət Fondu, “Gələcəyin qida rasionu” və “Diqqət mərkəzində iqlimdir” şirkətlərinin birgə hazırladıqları yeni məruzədə deyilir. Hesabatın müəllifləri ərzaq sistemlərinin yenidən təşkilinə dair – fermadan istehlakçı masasına qədər – 16 təklif təqdim ediblər. Bu dəyişikliklər dünya əhalisinin qidalanmasının yaxşılaşmasına və istixana qazları tullantılarının azaldılmasına gətirib çıxarmalıdır.
Ekspertlərin fikrincə, iqlim dəyişikliyinə qarşı mübarizə üzrə milli planlarda qida rasionu, ərzaq itkiləri və tullantılar nəzərə alınmır. Dövlətlər bu istiqamətlərdə fəaliyyət göstərməklə iqlim dəyişikliklərinin nəticələrinin 25 faiz azaldılmasına nail ola bilərlər.
Paris İqlim Sazişinə əsasən, dövlətlər hər beş ildən bir qlobal istiləşməyə qarşı öz milli planlarını yenidən nəzərdən keçirməlidirlər. Ekspertlər hesab edirlər ki, hökumətlərin bu proses zamanı qida sektorundan çıxan istixana qazları tullantılarını azaltmaqla biomüxtəlifliyi və əhalinin sağlamlığını gücləndirmək imkanları var.
Ərzaq məhsullarının istehsalı, emalı, bölüşdürülməsi, hazırlanması və istehlakı ilə bağlı bütün fəaliyyət növlərini əhatə edən ərzaq sistemlərinin payına ümumi istixana qazları tullantılarının 37 faizə qədəri düşür. Bu isə “temperaturun yüksəlməsinin qarşısının alınması istiqamətində bütün digər sahələr üçün nəzərdə tutulmuş emissiya limitinin tamamilə tükənməsi” deməkdir.
“Pandemiya mürəkkəb zəncirvarı qiymətqoymadan tutmuş ekosistemlərə göstərilən mənfi təsirlərə qədər bizdə ərzaq təchizatı sistemlərində mövcud olan zəif cəhətləri üzə çıxardı. Qeyd olunmalıdır ki, müəssisələr və əhali bu sahədə bərpa işlərinin daha səmərəli olmasında maraqlıdırlar. Bu böhran ərzaq məhsullarının istehsalı və istehlakını kökündən nəzərdən keçirməyə imkan yaradır”, – deyə UNEP-in icraçı direktoru İnger Andersen bəyan edib.
Məruzədə təklif olunan 16 fəaliyyət növü sırasında – torpaqdan istifadədə dəyişikliklər, qida itkisi və tullantılarının azaldılması, istehsal metodlarının təkmilləşdirilməsi və heyvandarlıq sahəsində metan emissiyalarının azaldılması və daha çox bitki mənşəli sağlam qida məhsullarına keçid yer alıb. Ekspertlər hesab edirlər ki, hazırkı ərzaq sistemlərinin ölkələr tərəfindən təşkili zamanı iqlim dəyişikliyinin nəticələrinin yumşaldılması nəzərə alınmır. Lakin onların bunu bərpa etmək imkanları var.
Sənədin müəllifləri hökumətləri müvafiq istiqamətdə fəaliyyət göstərməyə, o cümlədən bərpa edən, karbon qazını uda bilən istehsala keçməyə, ət istehlakını azaltmağa, qida rasionuna əsasən bitki mənşəli məhsulları daxil etməyə, həmçinin qida tullantılarını iki dəfə azaltmağa çağırırlar.