Yaşıllıqların artırılması diqqət mərkəzindədir

Ulu öndər Heydər Əliyevin rəhbərliyi dövründə qəbul edilmiş ekoloji qərarlar, qanunlar, sərəncamlar ölkəmizin təbiətinin sağlamlığına yönəlmişdir. Ulu öndərin Azərbaycan təbiətinə qayğısı bir övladın anasına göstərdiyi qayğı qədər səmimi və təmannasızdır.

Bu qayğının davamı olaraq Sədərək rayonunda meyvə bağlarının salınması və meyvə istehsalı ilbəil artır. Bu il rayonda 1,7 hektar ərazidə yeni  meyvə  bağı  salınıb. Həmin ərazilərdə 650 ərik və 550 alça ağacı əkilib. Ümumilikdə Heydərabad qəsəbəsində 19,5 hektar, Sədərək kəndində 53,6 hektar, Qaraağac kəndində isə 42 hektar meyvə bağı mövcuddur.

Həmçinin bərpa məqsədi ilə ümumilikdə bu il 8,7 hektar sahədə 5700 meyvə, 1200 meşə və 1570 həmişəyaşıl ağaclar, 6830 gül-bəzək kolları və 1420 üzüm tingi, o cümlədən Heydərabad qəsəbəsində 500 çinar və 200 cəviz ağacı əkilib.

Sədərək rayonunun bağbanları keyfiyyətli meyvə yetişdirmək, öz ailə gəlirlərini daha da gücləndirmək, süfrələrində yerli məhsulların bolluğunu yaratmaq naminə bütün qüvvələrini səfərbər edirlər. Rayon sakinləri yaxşı bilirlər ki, yaşıllıqlar nə qədər bol olsa, hava da bir o qədər saf, təmiz olar, gələcək nəsillər də sağlam mühitdə böyüyər.

Naxçıvan Muxtar Respublikasının hər yerində olduğu kimi,  Sədərək rayonu da  ekoloji istiqamətdə ulu öndər Heydər Əliyevin dəst-xəttini davam etdirəcəkdir.