Gələn həftədən ov mövsümü açılır

Azərbaycan ərazisində 2020-2021-ci illər üçün ov mövsümü sentyabrın 1-dən etibarən açıq elan edilir.

“Report” xəbər verir ki, bu barədə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Firuddin Əliyev məlumat verib.

O qeyd edib ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, AMEA-nın Zoologiya İnstitutu, Azərbaycan Ovçular və Balıqçılar, Azərbaycan Ornitoloji Cəmiyyətləri, beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə keçirilən iclasda ov mövsümünün başlanması, vəhşi heyvanların və quşların ovlanmasının müddətləri, normaları, limitləri müzakirə olunub və ov mövsümünün başlanmasına qərar verilib.

“Ovlanmasına icazə verilən vəhşi heyvanların və quşların ovlanma müddətləri və normaları ilə bağlı elan Ekologiya və Təbii Sərvətlər Nazirliyin rəsmi internet səhifəsinin “Elanlar” bölməsində yerləşdirilib”,- F.Əliyev əlavə edib.

Xatırladaq ki, mövsümün açılması Ov Məsələləri üzrə Koordinasiya Şurasının qərarı ilə baş tutur.