Azərbaycan şirkətləri ixracı genişləndirir

Beynəlxalq sərgi və yarmarkalarda vahid ölkə stendi ilə iştirak yerli qeyri-neft məhsullarının “Made in Azerbaijan” ilə tanıdılması və təşviq edilməsi məqsədilə təşkil olunan dəstək tədbiridir. Bu tədbirlər çərçivəsində İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə 2020-ci ilin əvvəlindən Azərbaycan məhsulları 3 xarici ölkədə keçirilmiş beynəlxalq sərgidə təqdim olunub, azərbaycanlı sahibkarlar və xarici iş adamları arasında ixraca dair müzakirələr aparılıb, əhəmiyyətli nəticələr əldə olunub.

Belə ki, 2020-ci ilin 10-14 fevral tarixlərində Rusiyanın Moskva şəhərində keçirilmiş “Prodexpo 2020” beynəlxalq ərzaq sərgisində qida, meyvə emalı, şərab və digər spirtli içkilər, fındıq, qənnadı məmulatları, çay istehsalı və digər sahələrdə fəaliyyət göstərən 30-dan çox Azərbaycan şirkətinin çoxsaylı çeşiddə məhsulları “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş etdirilib. Sərgi çərçivəsində Azərbaycan şirkətləri müxtəlif növ meyvə-tərəvəz, meyvə şirələri və konsentratları, şərab və digər spirtli içkilər, fındıq ləpəsi və digər məhsulların Rusiyaya ixracına dair 14 mln. manat dəyərində müqavilə imzalayıb. İndiyədək bu müqavilər üzrə 10 mln. manatlıqdan çox məhsul ixrac olunub. Qeyd edək ki, beynəlxalq sərgilərdə əldə olunmuş nəticələrlə bağlı mütəmadi olaraq monitorinq aparılır, məlumatlar ictimaiyyətə təqdim olunur.

Qeyri-neft məhsullarının ixracının artırılması, Azərbaycan məhsullarının ixrac coğrafiyasının genişləndirilməsi, “Made in Azerbaijan” brendinin təşviqi məqsədi ilə həyata keçirilən tədbirlər davam etdiriləcək. Belə ki, Covid-19 pandemiyasından irəli gələn məhdudiyyətlərdən asılı olaraq ilin sonunadək bir neçə beynəlxalq sərgidə iştirak nəzərdə tutulur.