Beyləqanda 2464 hektar sahədə təkrar əkin aparılıb

Beyləqan rayonunda fermerlər və torpaq mülkiyyətçiləri kənd təsərrüfatı işlərini davam etdirirlər.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, təsərrüfatlarda məhsul yığımı ilə yanaşı, təkrar əkinin tətbiqi də uğurla həyata keçirilir. Beyləqanlı fermerlər 2464 hektar sahədə təkrar əkin aparıblar ki, onun da 1015 hektarı qarğıdalı, 9 hektarı süpürgə, 1384,3 hektarı darı, 1 hektarı kələm, 3 hektarı xiyar, 12 hektarı pomidor, 40 hektarı süfrə çuğundurudur.

Qeyd edək ki, həm aqroekoloji, həm də iqtisadi baxımdan səmərəli olan təkrar əkinin tətbiqi kənd təsərrüfatı məhsulları, o cümlədən dən və yaşıl yem istehsalının artırılmasında mühüm rol oynayır. Bu il təkrar qarğıdalı əkininə görə fermerlərə toxum almaq üçün dövlət tərəfindən hər hektara 60 manat birdəfəlik vəsait ödəniləcək.