Qida rasionunda bitki pəhrizi

Əsasən bitki mənşəli məhsulların daxil olduğu pəhrizə keçid, məsələn, taxıl, paxla, meyvə və tərəvəz, təkcə insanın sağlamlığı üçün deyil, həm də ətraf mühit üçün faydalıdır. Lakin qida rasionuna dair milli tövsiyələrin əksəriyyəti hələlik bu yanaşmaya uyğun gəlmir.

Foodinfo.az AZƏRTAC-a istinadən bildirir ki, bunlar milli pəhrizə aid tövsiyələrin təhlilinə və onun insan sağlamlığına və ətraf mühitə təsirinə həsr olunmuş tədqiqatın ilk nəticələridir. Bu analiz dünyanın 85 ölkəsində aparılıb.

Məsələ ilə bağlı araşdırmalar aparmış Oksford, Harvard, Taftsa və Adelaide universitetlərinin alimləri hesab edirlər ki, “ərzaq məhsullarının istehsalı ətraf mühitə daha çox dağıdıcı təsir göstərir. Bu baxımdan qida rasionunda bitki pəhrizinə üstünlük verilməsi, torpaqdan istifadəyə, şirin suyun çıxarılmasına və bioqeokimyəvi axınlardan (gübrələrdən) istifadəyə məhdudiyyətlərin tətbiq edilməsi ətraf mühitə dağıdıcı təsirin gücünü azalda bilər”. Araşdırmanın nəticələri 2020-ci ilin iyulunda Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit üzrə Proqramının (UNEP) himayəsi altında nəşr edilib.

Ekspertlər hökumətlərə heyvan mənşəli məhsulların, o cümlədən mal və süd məmulatlarının istifadəsinin məhdudlaşdırılmasına dair daha dəqiq tövsiyələr dərc etməyi təklif edirlər.

“Meyvə və tərəvəzin az, qırmızı və emal olunmuş ətin isə yüksək miqdarda olduğu pəhrizlər ümumən dünyada və regionların əksəriyyətində insanların sağlamlığı üçün ciddi təhlükə yaradır. Çünki ürək-damar xəstəlikləri, ikinci tip xərçəng və diabet kimi qeyri-sağlam qidalanma ilə bağlı xroniki xəstəliklər bahalı müalicə tələb edir”, – deyə məruzədə bildirilir.

Bu gün qlobal istixana qazlarının bütün emissiyalarının dörddə biri kənd təsərrüfatının payına düşür. Koronavirus pandemiyasına qədərki dövrdə insanların gəlirlərinin yüksək olması mal və süd məhsullarından daha çox istifadə edilməsinə gətirib çıxarıb. Həmin məhsulların istehsalının əsasən CO2 və metan emissiyalarının artmasına səbəb olması alimləri ciddi narahat edir.