Si Cinpin çinliləri qidaya qənaət etməyə çağırıb

Çin lideri Si Cinpin ölkə əhalisini qidalanan zaman bədxərcliyə yol verməməyə çağırıb.

AZƏRTAC Sinxua informasiya agentliyinə istinadla xəbər verir ki, Çin lideri ölkədə ərzaq məhsullarının istifadəsi zamanı yol verilən böyük israfçılığın təəssüf hissi doğurduğunu deyib. Onun sözlərinə görə, ölkədə buğda istehsalının ildən-ilə artmasına baxmayaraq, hər zaman ərzaq təhlükəsizliyi sahəsində riskləri və bu il baş verən pandemiyanın Çinə təsirini nəzərə almaq lazımdır.

“Ərzaq israfının qarşısını almaq üçün qanunvericiliyi gücləndirmək, nəzarəti artırmaq, effektiv tədbirlər görmək, uzun vədəli mexanizmlər hazırlamaq lazımdır. Qidalanan zaman effektiv qənaət vərdişi aşılamaq, bədxərcliyə görə ümumi ictimai qınaq atmosferi, qənaətə görə isə qürur hissi yaratmaq üçün təbliğat və maariflənmə işi daha da güclənməlidir”, – deyə Si Cinpin bildirib.

Qeyd edək ki, Çin lideri hər zaman ərzaq təhlükəsizliyinə xüsusi diqqət ayırıb və israfçılığa qarşı təşəbbüslə çıxış edib. O, dəfələrlə qida tullantılarının azaldılmasının vacibliyinə diqqət çəkib. Müxtəlif səviyyələrdə görülən tədbirlərə baxmayaraq, ölkədə qida israfçılığı halları hələ də aktualdır.