ÜST: Yay fəslinə arxayın olmayın, fiziki məsafə gözləyin

Ümumdünya Səhiyyə Təşkilatında (ÜST) belə hesab edirlər ki, COVID-19-un yayılması mövsümi xarakter daşımır və havanın dəyişməsi ilə bağlı deyil. Virusun yayılmasını dayandırmaq üçün hamıya məlum olan sadə tədbirlər görülməlidir. Onların ən əsası – fiziki məsafəyə riayət etməkdir.

Foodinfo.Az AZƏRTAC-a istinadən bildirir ki, ÜST-nin nümayəndəsi doktor Marqaret Harris deyib: “İlin fəslinin virusun yayılmasına təsir göstərdiyini iddia etməyə əsas yoxdur. Lakin bu məlumdur ki, virus insanların çox toplaşdığı, fiziki məsafəyə riayət edilməyən və yaxın kontaktın qarşısını alan tədbirlər görülməyən yerlərdə yayılır”.

Bu günə qədər ÜST-yə daxil olmuş məlumata görə, qlobal miqyasda COVID-19-a yoluxma hallarının sayı 16.301.736, ölüm hallarının sayı 650.069-dur.

Pandemiyanın episentri yenə Şimali və Cənubi Amerikadadır. Yoluxma hallarının 8,7 milyonu orada qeydə alınıb. İkinci yeri Avropa (3,2 milyon), sonrakı yerləri Cənub-Şərqi Asiya (1,8 milyon), Şərqi Aralıq dənizi bölgəsi (1,5 milyon), Afrika (712.920) və Qərbi Sakit okean regionu tutur (291.993).

Marqaret Harris Cenevrədə keçirdiyi mətbuat konfransında belə bir fikri qəti inkar edib ki, guya COVID-19 mövsümi xarakter daşıyır və buna görə də dalğa şəklində gəlib keçəcək. “Yayın qızmar dövründə ABŞ-da çox böyük yoluxma dalğası müşahidə olunur, yoluxma hallarının sayı orada daha yüksəkdir”, – deyən doktor Harris xatırladıb ki, ekvatorial ölkə olan Braziliya infeksiyanın yayılma sürətinə və miqyasına görə yalnız ABŞ-dan geri qalır.

Doktor Harrisin sözlərinə görə, artıq qış fəslinin başlandığı cənub yarımkürəsində çox “maraqlı” vəziyyət yaranıb: orada mövsümi qrip deyil, COVID yoluxması yüksək səviyyədədir. Mülayim iqlimli ölkələrdə qrip virusu “mövsümlərarası” vəziyyətə qayıdıb.

COVID-19 və qrip virusları eyni vaxtda yayılmağa başlasa necə vəziyyət yaranacağını söyləmək çətindir. Marqaret Harris deyib: “Respirator xəstəliklərdən birinin yüksək səviyyədə olduğu yerlərdə digər xəstəlik də yayılmağa başlasa, səhiyyə sisteminin yükü çox artacaq”.

COVID-19 ilə bağlı test yoxlamalarının pullu, yoxsa pulsuz olması barədə sualın cavabında ÜST-nin mətbuat katibi bildirib ki, bu qərarı ölkələr özləri qəbul etməlidir. O deyib: “Testləşdirmə çox vacibdir. Buna görə biz əlimizdən gələni edirik ki, ölkələr diaqnostik tədbirlər görsünlər. Əgər test yoxlamaları aparılmasa, infeksiyanın haradan yayılmağa başladığını bilməyəcəyik. Biz bütün ölkələri geniş miqyasda testləşdirmə aparmağa və onu əlçatan etməyə çağırırıq”.