Hacıqabulda istixanalardan 620 ton tərəvəz yığılıb

Hacıqabulda istixana kompleksi şəbəkəsi ilbəil genişləndirilir.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, hazırda rayonun ayrı-ayrı yaşayış məntəqələrində 31 hektar ərazidə 22 istixanada tərəvəz (pomidor, xiyar) yetişdirilir. Cari ilin ötən ayları ərzində bu istixanalardan 620 ton tərəvəz yığılaraq daxili bazarlara göndərilib. Tədarük olunan məhsulun 542 tonunu pomidor, 78 tonunu isə xiyar təşkil edib. Məhsul istehsalçıları bu sahədən yaxşı mənfəət götürdükləri üçün onun şəbəkəsinin genişləndirilməsinə də xüsusi diqqət yetirirlər. Ötən il rayonu Meyniman və Qubalı Baloğlan kəndlərində bir neçə istixananın tikintisinə başlanılıb. Atbulaq kəndində isə “Hajigabul Greenhouse” MMC tərəfindən 17 hektar ərazinin 10 hektarında İspaniya texnologiyası əsasında yeni bir istixana tikilib istifadəyə verilib. İstixananın məhsul istehsal gücü bir hektara 250-300 tondur. İstixanada 100 nəfər daimi iş ilə təmin olunub.