Sabirabaddakı istixanalardan 3 min 964 ton pomidor yığılıb

Son illər Sabirabadda istixana şəraitində yetişdirilən tərəvəz əkininə maraq artıb. Məhsul istehsalçıları bu sahədə əldə etdikləri qazanc hesabına rayonda istixanaların şəbəkəsini ilbəil genişləndirirlər.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildiriblər ki, hazırda rayonda 32.6 hektar ərazidə 189 istixana kompleksi mövcuddur. Hər il bu istixanalarda 100 tonlarla tərəvəz yetişdirilərək xarici və daxili bazarlara göndərilir. Ötən illərdə olduğu kimi, cari təsərrüfat ilində də istixanalarda tərəvəz bol olub. Xeyli vaxtdır ki, rayonun ayrı-ayrı yaşayış məntəqələrində fəaliyyət göstərən istixanalarda tərəvəz yığımı aparılır və indiyədək 7 min 487 ton məhsul yığılaraq daxili bazarlara göndərilib. Toplanan tərəvəzin 3 min 964 tonu pomidor, 3 min tonu badımcan, 523 tonu isə xiyardır. Yığılan tərəvəzin demək olar ki, yarıdan çoxu rayonun Qruzma, Suqovuşan və Qaratəpə kəndlərindəki istixanalardan toplanılıb. Hələ istixanalarda məhsul çoxdur. Təxmini hesablamalara görə tərəvəz bu il ötənilkindən də çox olacaq.