Saatlıda kartof yığımı başa çatıb

Saatlıda kartof yığımı başa çatıb. İstehsalçılar əkdikləri kartof sahəsindən 5 min tondan çox məhsul toplayıblar.

Rayon Statistika İdarəsindən bildiriblər ki, saatlılı əkinçilər erkən yazda 309 hektar sahədə kartof əkiblər. Bitkiyə nümunəvi qulluq göstərildiyindən sahələrdə bol məhsul yetişib. Yığıma mütəşəkkil başlayan torpaq mülkiyyətçiləri qısa müddətdə 309 hektar sahədən 5 min 246.8 ton kartof toplayıblar ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 527 ton çoxdur. Məhsulu yığılmış hər hektar sahədən 169.8 sentner kartof əldə olunub.

Tədarük olunan məhsulun demək olar ki, 60-62 faizi rayonun Şirinbəylə, Orta-Muğan, Qara-Nuru, Varxankənd kəndində fəaliyyət göstərən torpaq sahibkarları tərəfindən toplanılıb. Rayonun Varxankənd kənd sakini Ələsgər Əhmədov bu il 10 hektar sahədə kartof becərib. Məhsul istehsalçısı artıq yığımı başa çatdırıb. “Kartof sahəsinin hər hektarından 200 sentner məhsul götürməklə 20 ton kartof toplamışam. Məhsuldan hər il yaxşı mənfəət götürdüyümdən növbəti ilə əkin sahəsini genişləndirərək 11 hektara çatdırmaq fikrindəyəm”, – deyə əkinçi bildirib.