Dünyanın ən təmiz qidalar yeyən “ölkəsi“

Qapalı və təcrid olunmuş Naxçıvan Muxtar Respublikası dünyanın ekoloji cəhətdən ən davamlı məkanlarından biridir.

Ola bilsin ki, Naxçıvan haqqında heç eşitməmisiniz. Cənubi Qafqaz platosunda Ermənistan, İran və Türkiyə arasında yerləşən bu muxtar respublika keçmiş Sovet İttifaqının ən təcrid olunmuş məkanlarınan biridir və az sayda səyahətçinin ziyarət etdiyi bir yerdir.

Coğrafi cəhətdən Ermənistanın 80-130 kilometrlik zolağı ilə Azərbaycanın qalan hissəsindən ayrılmış bu 450 min nəfərlik əhalisi olan Azərbaycan torpağı quruda dünyanın ərazicə ən böyük eksklavıdır.

Qara dənizdən Xəzərədək uzanmış boz-qırmızı dağ silsiləsi, qızılı günbəzli məscidlər və Sovet dövründən qalan bloklu yaşayış evlərinin qarışığından ibarət olan bu ərazi, sahəsinin böyüklüyünə görə təxminən Bali boydadır.

Dünyanın ən təmiz qidalar yeyən “ölkəsi“

Bura Nuh peyğəmbərin dəfn olunduğu qülləli məqbərənin vətənidir; burada “Lonely Planet” programının “Avrasiyanın Maçu Piçusu” adlandırdığı orta əsrlərə aid bir dağ qalası yerləşir.

Bura küçələri səhər tezdən təmizlənən, məmurlarının həftə sonları ağac əkib, küçələri süpürdüyü bir paytaxtdır.

Naxçıvan dağılmaqda olan Sovet İttifaqının tərkibindən çıxıb müstəqilliyini elan edən ilk ərazi olub – hətta Litvadan da iki ay əvvəl – və bundan iki həftə sonra özünü Azərbaycanın parçası elan edib.

Əlbəttə, Azərbaycanın neftlə zəngin paytaxtı Bakıdan gündə 5 dəfə uçan 30 dəqiqəlik reyslərinin sonuncusu ilə bu yaxınlarda Naxçıvanın eyni adlı paytaxtına gələnədək bunların heç birini bilmirdim.

Təxminən son 15 ilə yaxın müddətdir ki, mən keçmiş Sovet İttifaqının ucqar ərazilərinə baş çəkirəm, Rusiyanı öyrənmişəm, Dnestryanı kimi ayrılmış mikroölkələrə gedib çıxa bilmişəm, Tacikistan və Qırğızıstanda seçkiləri izləmişəm.

Lakin Naxçıvana səfər etmək həmişə əlçatmaz məsələ olub. Çünki Naxçıvanın mövqeyi unikal olub – bu ərazi keçmiş Sovet İttifaqının sərhədində yerləşir, NATO- nun üzvü olan Türkiyə və İranla həmsərhəddir və hətta Sovet vətəndaşlarının əksəriyyəti üçün də əsasən qapalı və gizli olan bir eksklav olub.

Keçmiş SSRİ-dən 30 il əvvəl qopmuş bu muxtar respublika hələ də rusdilli aləmdə və onun xaricində bir çoxları üçün nisbətən az tanınan yer olaraq qalır.

Bu gün Azərbaycan vizası olan hər kəs bu bölgəyə gələ bilsə də və buralar səfər edilməsi üçün nisbətən az təhlükəli olsa da, xaricilər buralara ayaq basanda yerli rəsmilər ehtiyatlılıq göstərməkdə davam edirlər, qismən ona görə ki, bura az sayda əcnəbi gəlir.

Azərbaycan Hava Yollarına məxsus təyyarədən düşdükdən və immiqrasiya masasının qarşısından keçdikdən sonra bir kişi qulağıma pıçıldadı: “Polis … səndən danışır”.

“Mənim kim olduğumu haradan bilirlər?”- soruşdum.

“Onlara deyilib ki, gələn Britaniya vətəndaşının əynində qırmızı şort var”- cavab verildi.

Göründüyü kimi, Bakıdakı hava limanı Naxçıvanın təhlükəsizlik strukturuna mənim gələcəyim barədə əvvəlcədən məlumat verib, əynimdəki parlaq rəngdə şort isə diqqəti özümə cəlb etməməyi mümkünsüz edib.

Naxçıvanın ideal dərəcədə səliqəli hava limanından parıldıyan qara Mersedesdə çıxıb tər-təmiz küçələrlə bölgənin ikinci ən böyük şəhəri olan Ordubada yollanarkən taksi sürücüm və həm də bu səfərdə mənə bələdçilik edən Mirzə İbrahimov dedi: “Naxçıvanda bir dənə də olsun zibil çöpü tapa bilməzsən”.

O haqlı idi: eksklavla bağlı ilk təəssüratım sürreal, demək olar ki, şokedici dərəcədə təmizlik idi.

Keçdiyimiz küçələr, meydanlar və Sovet dövründən qalmış yaşayış binalarının belə səliqəli və təmiz olmasının səbəbini sürücüdən öyrənmək istədim, lakin bu zaman dəqqətimi uzaqda görünən, İslami həndəsi naxışları ilə bəzənmiş səkkizguşəli prizma formalı bir qüllə çəkdi. İbrahimov izah etdi ki, həmin türbə onun və yerli sakinlərin qəlbində xüsusi yer tutur.

Naxçıvanlılar bu bölgəni "Nuh diyarı" adlandırırlar və peyğəmbərin bu məqbərədə dəfn olunduğuna inanırlar.

Nuh türbəsi peyğəmbərin dünyaya səpələnmiş ən azı beş son məskənlərindən biridir, ancaq qürurla öz vətənini “Nuh diyarı” adlandıran naxçıvanlılara bunu deməyin.

Bəzi alimlər deyirlər ki,”Naxçıvan” yer adı iki erməni termininin birləşməsidir və onlar birlikdə “mənşə yeri” deməkdir, halbuki bir çox azərbaycanlı bunun qədim fars dillərində Nah (“Nuh”) və Çivan (“yer”), yəni “Nuhun yeri” mənasını verdiyini iddia edirlər.

Yerli əfsanəyə görə, böyük daşqın çəkilərkən, Nuhun gəmisi İlandağ dağının zirvəsinə dəyir və həmin dağın başında haça əmələ gəlir. Həmin haçalı dağı bu gün də seyr etmək mümkündür. Bir çox naxçıvanlı sizə deyəcəkdir ki, peyğəmbər və onun davamçıları ömürlərinin qalan günlərini burada qalıb yaşayıblar və naxçıvanlılar onların davamçılarıdır.

Əslində, İbrahimovun dağın zirvəsinidəki haçanı göstərməsindən və bunun Nuh gəmisinin həmin zirvəyə dəyməsinin nəticəsi olduğunu deməsindən iki gün sonra Ordubadda, parkda skamyada oturan yaşlı bir kişi əcnəbi olduğumu anlayaraq məni yanina çağıraraq dedi:

“Orada, o dağın başına Nuhun gəmisi toxunub”. Və əlindəki siqareti həmin yerə tuşladı.

Rəvayətə görə, Nuhun gəmisi dağa dəyərək İlandağın zirvəsindəki bu gün də görünən haçanı yaradıb

Naxçıvan sözünün Nuh adı ilə sinonim olması mümkündür, ancaq peyğəmbər və onun ardıcıllarının İlandağ dağından (və ya soruşduqlarınızdan asılı olaraq mümkündür ki, Ararat dağı yaxınlığında) enməsindən bəri keçən 7500 il və ya daha çox müddət ərzində onların törəmələri Fars, Osmanlı və Rus hakimiyyəti dövrlərində yaşıyıblar və əksəriyyəti müsəlman olan bir “qazanda qaynayıblar”.

Son onilliklərdə Ermənistanla davam edən torpaq mübahisəsi postsovet Avropanın son “dondurulmuş münaqişələrindən” biri olaraq qalıb.

1988-ci ildə Moskvanın SSRİ tərkibində olan respublikalar üzərində nəzərəti zəifləyəndə Azərbaycanın cənub-qərbində Naxçıvanla qonşu Dağlıq Qarabağ anklavında Ermənistanın dəstəklədiyi ermənilərlə Azərbaycan arasında müharibə başladı.

1994-cü ildə qeyri-sabit atəşkəs elan olunana qədər 30000 nəfər həlak oldu. Əraziyə nəzarət edən erməni coxluğu qisas alaraq 1988-ci ildə Naxçıvanı Azərbaycanın və SSRİ-nin qalan hissəsi ilə birləşdirən bütün avtomobil və dəmir yollarından kəsdi.

Yalnız Araz çayı üzərindən İran və Türkiyəyə tikilən iki kiçik körpü sayəsində Naxçıvanı aclıqdan və tamamilə dağılmaqdan xilas etmək mümkün oldu. Nəticədə, Naxçıvanın blokadada olan sakinləri qıtlıq və zərurətdən doğan sarsılmaz, özünü təmin etmək təfəkkürünü özlərində inkişaf etdiriblər. İqtisadi cəhətdən körpülərdən və qonşulardan asılı qalmaq istəməyən naxçıvanlılar öz ərzaqlarını əkib-becərməyə və öz mallarını özləri istehsal etməyə başlayıblar.

2005-ci ildə Azərbaycanın ikinci neft bumu başlayandan və nəticədə, ÜDM yüksələndən bəri Bakıdan gələn investisiyanın həcmi artdı və bu, özünü təminetmə “milli” təfəkkürünün güclənməsi və dayanıqlılıq nümunəsinə çevrilməsinə gətirib çıxardı.

Şimali Koreya kimi, bu gün Azərbaycan eksklavı xaricdən böyük yardım almadan və ya beynəlxalq ticarət aparmaq imkanı olmadan özünü saxlaya bilən dünyada sərbəst iqtisadi avtarkiya (xarici, maddi şəraitdən asılı olmama – red. )sisteminin nadir nümunələrindən biridir.

Ancaq öyrəndiyimə görə, Naxçıvanın iqtisadi siyasətinin daxili resurslara, sağlam və orqanik qidaya söykənən və ekoloji cəhətdən mütərəqqi bir yönümü var – və bu, bölgənin simasını formalaşdıran qürur mənbəyinə çevrilib.

Blokada zamanı Naxçıvanda zərurətdən doğan güclü "milli" kimlik hissi inkişaf etdirilib.

Naxçıvanda yeməyə hörmət edilir və bunun səbəbi var. “Biz bacardığımıza görə bu cür qidalanırıq”,- İbrahimovun dostu Elşad Həsənov, İran sərhədinin yaxınlığında bir gün nahar etdiyimiz vaxt bunu söylədi.

Həsənov və İbrahimov mənə xatırlatdılar ki, yemək çatışmazlığı ilə bağlı xatirələr hələ də yaddaşlardan silinməyıb, lakin Sovetlərin iqtisadi asılılıq sistemi dağılandan sonra Naxçıvan pestisidlərdən azad, yalnız orqanik olan ərzaq məhsulları siyasətinə ciddi sürətdə əməl etməkdədir.

Bu, sağlam ruhlu, “tarladan-süfrəyə” düsturu Balbas cins qoyunun ətinin Naxçıvan təsərufatlarından, balığın Naxçıvan göllərindən, şüyüd, tərxun və reyhanın Naxcivanın dağətəyi sahələrindən; bağ məhsulunun Naxçıvan bağlarından və hətta duzun da Naxçıvanın yeraltı mağaralarından gəlməsini təmin edir.

Tezliklə süfrəmizə bişirilmiş bütöv bir quzu gətirildi . Bununla yanaşı süfrəyə tərəvəz manqal salatları, pendirlər, lavaş , kabablar, təzə tutulmuş qızıl balıq, pivə və yaxınlıqdakı dağlarda yığılan 300 -dək bitki ilə hazırlanmış araqlar – hər biri min bir xəstəliyin təbii dərmanı.

Mən Naxçıvanın orqanik, yalnız yerli qida məhsulları yemək hərəkatının motivləri barədə sual verəndə Həsənov sağlamlıq məsələsini dilə gətirdi: “İnsanlarımız sağlamdırlar və əvvəlki kimi xəstəliklərdən əziyyət çəkmirik, çünki yalnız təbii olan qidaları yeyirik”.

Onu dinlədikcə böyük bir pomidoru dişimə çəkdim və bu pomidorun şirəsinin şirin dadı ağzıma yayıldı. Bu, şübhəsiz ki, indiyə qədər daddığım pomidorların ən yaxşısı idi.

Bölgədə GMO məhsullarına ciddi gadağa siyəsəti bu bölgəni yerli ərzaq məhsulları həvəskarları ücün cənnətə çevirib.

Naxçıvanın sağlam həyat tərzi təkcə geni dəyişdirilmiş ərzağın qadağasıyla məhdudlaşmır.

Naxçıvan şəhərindən on dörd kilometr kənarda keçmiş Sovet duz mədəninin içərisində dərin təsir bağışlayan, heç bir xərc çəkilmədən qurulmuş bir sanatoriya var – Duzdağ duz mağarası.

Mağaranın veb saytı tibbi məqsədlə gələn turistləri kompleksin 130 milyon ton təmiz təbii duzunun astmadan bronxitə qədər bütün tənəffüs xəstəliklərini müalicə edə biləcəyinə əmin edir.

Naxçıvanın 30 dərəcəlik istisi İbrahimovla mən qaranlıq, soyuq mağaraya daxil olarkən buxarlanıb yoxa çıxdı.

Möhkəm siqaret çəkən və spleoterapiyanın və ya “mağara terapiyasının” faydalarından yararlanmaq istəyən İbrahimov dərin nəfəs aldı.

“Buraya dünyanın hər yerindən qonaqlar gəlir, – o dedi. – Uruqvaydan ağır astmadan əziyyət çəkən bir oğlan keçən il gəlmişdi və buradan sağalıb getdi.”

Bu zaman bir qrup məktəbli uşaqlar müəllimləri ilə birgə burada gecələmək üçün mağaraya gəldilər.

Yerin altından üstə çıxdıqdan sonra Naxçıvanın belə təmiz olmasının səbəbini axıradak öyrənmək istədim.

Bütün məlumatlara görə, Naxçıvan Azərbaycanda, bəlkə də, bütün Qafqazda ən təmiz şəhər sayılır və bu, səbəbsiz deyil.

Hara nəzər salsanız avtomobil yollarının mükəmməl asfaltlandığını, küçələrin tər- təmiz süpürülüdüyünü, ağacların səliqəli kəsildiyini və alaq otlarının vaxtında təmizləndiyini görərsiniz.

Naxçıvan Qafqazın ən təmiz şəhərlərindən biri kimi tanınır.

Norveç Helsinki Komitəsi tərəfindən açıqlanmış bir hesabata görə, bu nailiyyətlərin böyük hissəsi istirahət günlərində könüllü olaraq küçələri təmizləməyə çıxan müəllimlər, əsgərlər, həkimlər və hökumət məmurları kimi dövlət sektoru işçilərinin əməyi sayəsində mümkün olub.

Bundan əlavə, blokada zamanı yanacaq məqsədilə yandırılmış meşələrin yerini doldurulmaq üçün sakinlər istirahət və ya küçələri süpürdükləri günlərdə də ağac əkməyə həvəsləndirilirlər.

Bu təcrübə sovet dövründən qalmış iməcilik adlanan bir praktikaya əsaslanır : indiki dövrdə bu, arxaik, könüllü, ödənişsiz əmək deməkdir. Və ya Sovet dövründə bəzilərinin təsvir etdiyi kimi, “könüllü-məcburi şəkildə” görülən işdir. Səfərimin gedişində bir şənbə gününün səhəri İbrahimov Mersedes maşınını saxlayaraq yaxınlıqdakı yaşıllıq sahəsinə diqqətimi çəkdi .

Orada qızmar günəş altında, bir yerə toplaşan bir qrup insan görünürdü . “Onlar meyvə ağacları əkirlər”, – İbrahimov dedi.

İlk baxışdan iməcilik təcrübəsi kifayət qədər altruistik görünür: hər bir ağacın əkilməsi, anklavın ciyərlərinin genişlənməsi və güclənməsi deməkdir, eyni zamanda bu yolla region özünü çox sevilən meyvələrlə də təmin edir.

Çoxları bölgənin təmiz və yaşıl mənzərəsini hökumətin güclü və sərt siyasətinin nəticəsi olduğunu iddia edir.

Norveç Helsinki Komitəsinin hesabatına görə, Naxçıvan İqtisadi İnkişaf Nazirliyinin bir əməkdaşı etiraf edib ki, bu cür “könüllü” işdən etiraz edən hər kəs dərhal dövlət işindən istefa verməlidir.

Naxçıvan Dövlət Universitetinin professoru isə etiraf edib ki, Naxçıvanın hazırkı rəhbəri və bir çoxları tərəfindən avtoritar rəhbər sayılan Vasif Talıbov bu ödənişsiz işdən çox böyük gəlir əldə edir.

Səfərimin sonunda mən maraqlanmağa başladım ki, görəsən Naxçıvanın təmiz, yaşıl obrazını Sinqapur kimi bir yerə bənzətmək olarmı?

Oradakı ictimai səliqə-sahman ucuz işçi qüvvəsinin və hökumətin tədbir görəcəyindən qorxunun qarışığından qaynaqlanır.

Naxçıvan həll edə bilmədiyim bir tapmacadır: görəsən, bura altruist könüllülərin məskunlaşdığı mütərəqqi və özünü təmin edən bir eksklavdır, yoxsa diqqətlə təşkil olunmuş xaricı aləm ilə əlaqəsi olmayan bir feodallıq və ya hər ikisinin mürəkkəb qarışığı?

Əmin olduğum budur ki, bu təcrid olunmuş eksklavda özümü bundan əvvəl heç yerdə olmadığım kimi hiss edirdim: keçmiş “gizli” SSRİ qalasının restoranlarında gənclər eşidilməmək üçün bir-biri ilə hələ də pıçıldayaraq danışır, lakin elə həmin gənclər xaricilər garşısında “fermadan-süfrəyə” prinsipinə söykənən yerli mətbəxin müttərəqqi olmasıyla öyünür; dövlət qulluqçuları son 15 ildə ÜDM-in 300%-dən çox artdığı bir ölkədə yaşasalar da, həftə sonları ödənişsiz əl əməyi ilə məşğul olmalıdırlar və sakinləri qürurla özlərinin mədəni identikliyini uzaqdan qayıqda gəlmiş bir peyğəmbərə bağlayırlar, lakin yerli hökumət özünü indi divarlarla əhatə etdirir.

Yerli yeməkləri sevən təcridçilərin yaşadığı bu mayak məkanının gələcəyinin necə olacağına əmin deyiləm, amma ümid edirəm ki, onlar öz qapılarını açıq saxlayacaqlar ki, bunu özüm müəyyən edə bilimir.