Göyçayda meyvə tədarükü davam edir

Göyçay rayonunda meyvə tədarükü davam edir və artıq bağlardan 5413,1 ton məhsul yığılıb.

Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, meyvəçilik sakinlərin məşğul olduqları əsas təsərrüfat sahələrindəndir. Hazırda bölgədə 6340,1 hektar sahədə meyvə bağı var və təkcə ötən bir il bağların sahəsi 129, 3 hektar artırılıb.

Qeyd edək ki, cari ildə daha bol meyvə yetişdirilib. Tədarük olunan məhsul ötən ilin müvafiq dövrü ilə müqayisədə 1290,2 ton çoxdur. İndi daha tez yetişən ərik, şaftalı, alça, gavalı, gilas, albalı yığılır. Dərilən meyvə birbaşa yerli və ətraf rayonların, habelə iri şəhərlərin bazarlarına çıxarılır. Məhsul bolluğu bazar qiymətlərinə də xeyli təsir edib. Belə ki, bazarda ötən illə müqayisədə gilasın qiyməti 33,4 faiz, alçanın qiyməti 33 faiz, əriyin qiyməti 25 faiz ucuzlaşıb.