Koronavirusa daha dayanıqlı ola bilmək üçün nə etməliyik?

“Azot 2 oksid və ya sadəcə N2O güclü antibakterial, antiviral təsirə malik qazdır. O bədənimizdə daha çox həm dəridə – tərdə, həm də burun boşluğunda – nasal sinuslarda əmələ gəlir. Xüsusən burun sinuslarında azot oksidin əmələ gəlməsinə diqqət yetirməliyik. Burunla tənəffüs etmək olduqca vacibdir. Təəssüf ki, insanların 80%-i tam burun tənəffüslü deyil. Ağızla nəfəs alan insanlar çoxdur. Həm danışdıqca ağız tənəffüsü icra edirlər, həm çox adam yatanda ağızla nəfəs alır.

Burun tənəffüsünün pozulması həmçinin hipertenziyaya, ürək xəstəliklərinə, baş-beyin oksigenizasiyasının pozulmasına, yuxusuzluq, insult və miokard infarktına gətirib çıxarır. Bütün bunlar azot oksidin nəfəs alınan havada az olmasına görədir”.

Publika.az xəbər verir ki, bu sözləri tanınmış anestezioloq-reanimatoloq Şahin Məmmədov deyib. O qeyd edib ki, NO antiviral aktivliyə malikdir:

“Burunla nəfəs alsanız, NO sizin nəfəsinizdə çox olacaq və karonavirusa yoluxma ehtimalınız, virus yükünüz az olacaq. Həmçinin burunla nəfəs alsanız NO bronxları, pulmonar kapillyarları genişlədəcək, beləliklə ağciyər hipertenziyasını, arterial hipertenziyanı azaldacaq. Bütün bunlardan əlavə NO yuxarı tənəffüs yollarındakı epitelin kirpiklərinin hərəkətini artırır, həmçinin antibakterial effektinə görə COVID-19 xəstələrinin bakterial superinfeksiya ilə ağırlaşma riskini azaldır.

Qeyd edim ki, NO nəfəsdə olması üçün burun ciblərində təbii olaraq əmələ gəlir və bizim anadangəlmə immunitetimizdir, qoruyucumuzdur. Bu qazın nasal sinuslarda istehsalını artırsaq, COVID-19-a yoluxmaq şansımız azalar, yoluxmuş xəstələrin isə virus yükünün azalmasına, yuxarıda qeyd etdiyim faydalarına görə daha sürətlə sağalmasına nail olarıq”.

Ekspert daha sonra reanimatoloqların COVID-19-u ağır keçirməsinin səbəblərini izah edib:

“NO bədənimizdə nasal sinuslarda L-arginin amin turşusundan NO sintaza fermentinin köməkliyi ilə əmələ gəlir. Nəfəsimizdə NO qazını artırmaq üçün tərkibində nitrat və arginin olan, həmçinin NO sintazanın aktivliyini artıran qidalar yeməliyik”.

Mütəxəssis qidaları və faydalarını belə sadalayıb:

1. Qoz ləpəsi- tərkibində arginin çoxdur.

2. Çuğundur soku- tərkibində nitrat çoxdur. Gündə 100 ml için.

3. Sarımsaq- NO sintazanın aktivliyini artırır.

4. Nar- çoxsaylı faydalarından başqa, bizi bu gün maraqlandıran onda nitratların çox olmasıdır.

5. Tərkibində vitamin C saxlayan qidalar (kələm, pomidor, sitrus). Vitamin C azot 2 oksidin bədəndə biomənimsənilməsini artırır.

6. Bostan kələminin tərkibində bədəndə azot 2 oksidə çevrilən nitrat çoxdur.

7. İspanaq göyərtisində kələmdə olduğu kimi nitrat çoxdur.

8. Tünd şokolad. Gündə 30 qram. Nitrat çoxdur.

9. Yemiş. Tərkibində bədəndə L-argininə çevrilən sitrullin var.

10. Ət- qırmızı, toyuq, balıq. Tərkibində çoxlu koenzim Q10 var ki, bu maddə nitrik oksidin bədənimizdə uzun müddət qalmasına səbəb olur.