Uşaqlara bal vermək olarmı?

Təbii bal ən faydalı qidalardan biridir. Balın faydaları yetərincə çoxdur və bu barədə vaxtaşırşı məlumatlar yayılır. Uşaqlara nə zamandan bal verilməsi barədə isə hər zaman suallar yaranır. Və bu barədə bir sıra hallarda fərqli cavablar eşidilir.

e-tibb.az bu dəfə uşaqlara bal verilməsi ilə bağlı pediatr, uzman həkim Ülvi Əliyevin fikirklərini təqdim edir:

Çox yayılmış adətlərdən biri kiçik yaşlı uşaqların “baxır, tamahı düşər”, “dili şirin olsun”, “dadına baxsın”, deyə ağzına bal qoyulmasıdır. Bu adət Asiyadan bu tərəfə çox xalqda mövcuddur. Hətta Pakistan və Hindistanda “ghutti” deyilən yeməyi də körpələrə verirlər. Balın haqqında saatlarca danışmaq olar.
Amma yadda saxlanmalı bir məqam var: “Balda mikroblar yaşaya bilməz” fikri tam doğru deyil. Balda clostridium-botulinum yaşayır və körpələrdə iflic, tənəffüs çatışmazlığı kimi əlamətlərlə özünü göstərən botulizmə səbəb olur. Vaxtında diaqnoz qoyulmasa, ağır nəticələrə, hətta ölümə səbəb ola bilər.

Ona görə “xəstələnməmək-müalicədən asandır” fikrinə riayət edərək 12 aya qədər uşaqlara bal verməyin.

Bal öskürəyi olan uşaqlara dünyada ən məşhur tibb ədəbiyyatlarında ən yaxşı öskürək kəsici və yuxunu rahatlaşdırıcı kimi tövsiyə edilir. Əgər arı rhododendron çiçəklərindən bal hazırlamışsa, yeyən adamda halsızlıq, süstlük, ürək döyüntülərinin azalması, təzyiqin düşməsi kimi hallar görülür. Türkiyədə bu bitki çox olduğu üçün “dəli balı” deyirlər. Bizim ölkədə də bəzi bitkilər bu xüsusiyyətə malıkdır.