Azərbaycanda bu il əsas süd məhsullarının istehsalı 5% artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda 12 183,5 ton kərə yağı istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,3% çoxdur.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, təkcə iyun ayında ölkədə 2 010,3 ton kərə yağı istehsal olunub və bu, may ayı ilə müqayisədə 2,5% azdır.

Digər əsas süd məhsullarına gəldikdə, hesabat dövründə ölkədə 26 265,4 ton pendir və kəsmik istehsal olunub ki, bu da illik müqayisədə 2,1% çoxdur. Təkcə iyun ayında sözügedən məhsulların istehsal həcmi 4 397,4 ton təşkil edib ki, bu da aylıq müqayisədə 0,4% çoxdur.

Bundan əlavə, yanvar-iyun aylarında qaymaq və xama istehsalı illik müqayisədə 12,4% artaraq 3 688,7 tona çatıb. Təkcə ötən ay ölkədə 554,1 ton sözügedən məhsul istehsal olunub ki, bu da may ayı ilə müqayisədə 5,8% azdır.

Beləliklə, bu ilin birinci yarısında Azərbaycanda 42 137,6 ton əsas süd məhsulları istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5% çoxdur.