Gün ərzində 250 milliqram meyvə şirəsinin qəbul edilməsi məsləhətdir

Tərkibi vitamin və mikroelementlərlə zəngin olan meyvə şirələri orqanizm üçün çox faydalıdır. Şirələr həm təbii, həm də qablaşdırılmış formada hazırlanır.

Ev şəraitində meyvə şirələri hazırlayarkən məhsulun orqanikliyinə, çürük və çatlaq olmamasına fikir vermək lazımdır. Meyvələr axar su altında tərtəmiz yuyulandan sonra şirəçəkən maşında çəkilməlidir. Çəkiləndən sonra 10 dəqiqə ərzində içmək məsləhətdir, çünki meyvə şirələri çəkiləndən sonra 2-3 saat qalanda tərkibi dəyişir və faydası qalmır.

Foodinfo.az AZƏRTAC-a istinadən bildirir ki, diyetoloqlar alma, portağal və qreypfrutdan alınan şirələrin daha faydalı olduğunu bildirirlər. Həkim-diyetoloq Ləman Süleymanova bu barədə deyib: “Portağal şirəsi S vitamini ilə zəngindir və antioksidant xüsusiyyətə malikdir. Tərkibində kalium və maqnezium olduğuna görə ürək xəstələri üçün xeyirlidir. Qreypfrut şirəsi antioksidant olmaqla yanaşı, yağyandırıcı xüsusiyyətə malikdir. Nar şirəsi isə daha çox faydalı antioksidant sayılır. Onun 1 stəkanı 4 stəkan zoğal şirəsinə və 10 stəkan yaşıl çayın tərkibində olan antioksidanta bərabərdir. Gün ərzində 250 milliqram qəbul edilməsi orqanizm üçün yetərlidir”.

Təbii meyvə şirəsinin faydası ilə yanaşı, bəzi əks təsiri də var. Fruktoza ilə zəngin olduğuna görə meyvə şirəsini şəkərli diabet xəstələrinin qəbul etməsi məsləhət görülmür.