Bu rayonda 13 min tondan çox süd istehsal olunub

Neftçalada aqrar sahənin digər bölmələri ilə yanaşı, heyvandarlığın inkişafına xüsusi diqqət yetirilir. Rayonda bu sahənin inkişafını sürətləndirmək, heyvandarlıq məhsulları istehsalını daha da artırmaq məqsədilə yeni-yeni heyvandarlıq və quşçuluq təsərrüfatları yaradılır, mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasına diqqət yetirilir. Həyata keçirilən tədbirlər nəticəsində rayonda heyvanların baş sayı, ət, süd, yumurta və yun istehsalı ilbəil artır, mal-qaranın cins tərkibi yaxşılaşır.

Rayon Statistika İdarəsinin rəisi Şahin Mənəfov Fins.az-a bildirib ki, hazırda rayonun heyvandarlıq və fərdi təsərrüfatlarında 43 min 445 baş mal-qara və 146 min 841 baş qoyun-keçi saxlanılır. Qoyun və keçilərin sayı 2019-cu ilin eyni dövrünə nisbətən bir faiz artıb.

İyulun 1-i tarixinə rayonda 6 min 25.3 ton ət (diri çəkidə), 13 min 204.5 ton süd, 10 milyon 772 min ədəd yumurta, 4 min 276.6 ton quş əti, 289.7 ton yun istehsal olunub.

Ötən ilin eyni dövrü ilə müqayisədə süd istehsalı 0.1, yumurta istehsalı 15.6, yun istehsalı isə 0.2, quş əti istehsalı isə 15.3 faiz çox olub.