Yardımlının dağətəyi ərazilərində taxıl biçini başa çatıb

Yardımlı rayonunun dağətəyi ərazilərində taxıl zəmilərində biçin başa çatıb. 3090 hektar sahənin taxılı biçilib. Bu, rayon üzrə taxıl yığımının 86,3 faizini təşkil edir.

Bu barədə Yardımlı Rayon Statistika İdarəsinin rəisi Aydın Ağayev AZƏRTAC-ın bölgə müxbirinə məlumat verilib.

Bildirilib ki, rayonda taxılçılıqla məşğul olan fermerlər və məhsul istehsalçıları 3579,5 hektar əkin sahəsindən dənli bitkilər üzrə – 2884 hektar buğda sahəsindən 64713 sentner, 94 hektar arpa sahəsindən 2064 sentner, 112 hektar digər dənlilər sahəsindən 2432 sentner məhsul əldə ediblər. Dənli bitkilər üzrə orta məhsuldarlıq hər hektara 22,4 sentnerdir.

Hazırda biçin işləri əsasən dağlıq ərazilərdə növbəlilik əsasında aparılır. Rayonda biçin kampaniyasına başlanandan indiyədək hər hansı texnika çatışmazlığı və digər problemlər, yanğın və yaxud müxtəlif səbəbdən əkin sahəsinin məhv olması halları olmayıb.

Dağlıq ərazilərdə 489,5 hektar biçilməmiş əkin sahəsində işlərin hava şəraitindən asılı olaraq rayon üçün xarakterik olan optimal müddətdə başa çatacağı proqnozlaşdırılır.