Təbii antibiotik tərkibli dərman əhəmiyyətli bitkilər

Bir çox bitkilər antibiotik xüsusiyyətlərə malikdir. Əlbəttə, onları təsir gücünə görə farmpreparatlarla müqayisə etmək olmaz. Ancaq təbiət tərəfindən yaradılan qida məhsulları kimyəvi preparatlar kimi güclü ziyan vura bilməz. Onların, demək olar, əlavə təsirləri yoxdur və tibbi preparatlardan ucuzdur. Təbii antibiotiklərin çox üstünlükləri var. Təbiətdə, eyni zamanda, bakteriya, virus və göbələklərdən qorunmaq üçün xüsusi maddələr var.

AZƏRTAC xəbər verir ki, bu fikirlər AMEA Dendrologiya İnstitutunun direktoru, akademiyanın müxbir üzvü Tofiq Məmmədovun təbii antibiotik tərkibli dərman əhəmiyyətli bitkilərdən bəhs edən məqaləsində yer alıb. Alim məqalədə təbii antibiotik tərkibli dərman əhəmiyyətli bitkilər barədə məlumat verir, onların müalicəvi xüsusiyyətlərini diqqətə çatdırır.

Məqalədə qeyd olunub ki, qədim yunanlar şərabı dezinfeksiya xüsusiyyətinə malik vasitə kimi dəyərləndiriblər. Onlar şərabı su ilə qarışdıraraq içir və ya dezinfeksiya üçün suya əlavə edirdilər. Bundan əlavə, şərabı qaynar halda içmək bütün xəstələrə tövsiyə olunurdu. Şərab xolera, salmonell, dizenteriyada məhvedici təsir göstərir. Müasir tədqiqatlar şərabın antibakterioloji təsirini A hepatiti virusuna və qripin 5 məlum olan virusuna təsdiqləyirlər. Alimlər şərabın bu möcüzəli xüsusiyyətlərini boyayıcı və aşılayıcı maddələrin bəzi parçalanma məhsulları ilə əlaqələndirirlər.

Şərab insan orqanizminə tonuslaşdırıcı, diuretik, antistres, bakterisid və antiallergik təsirə malikdir. Soyuqdəymənin ilk əlamətləri özünü göstərəndə şərabı qızdırmaq və yavaş-yavaş içmək olar. Gündə 150 ml-dən çox olmayaraq istifadə edilə bilər. Qastrit, mədənin yüksək turşuluğu, psixikanın pozğunluğu, trankvilizatorların qəbulu hallarında tövsiyə edilmir.

Soyuqdəymə xəstəliyində ən çox yayılmış məsləhət – limonlu çay içməkdir. Bu bitkinin meyvəsi ən yaxşı təbii antiseptiklərdən biridir. Limon və ya limon yağı iltihab, yara sağalması, mikroblarla və qurdlarla mübarizədə, orqanizmin möhkəmlənməsində və bir çox digər xəstəliklərdə istifadə edilir. Allergiya, qastrit, duodenit, pankreatit, mədə xorası və ya onikibarmaq bağırsaq xorasında istifadəsi məsləhət deyil.

Moruq Azərbaycanda həm yabanı, həm də mədəni şəkildə yayılıb. Ən əla keyfiyyətli meşə moruğu hesab olunur. Onun meyvələri xırda olsa da, çox şirəli, şirin və ətirlidir. Moruğun meyvələrində bir sıra müalicə əhəmiyyətli maddələr var: alma və limon turşuları, C vitamini, karotin, az miqdarda B1 vitamini, çoxlu miqdarda qlükoza, fruktoza, saxaroza. Bundan başqa, meyvələrində 0,3 faiz aşı maddəsi, diqlükoza sianidin adlanan flavonoid də müəyyən edilib.

Təbabətdə qurudulmuş moruq meyvəsini çay kimi dəmləyib, soyuqdəymə zamanı tərlədici və hərarəti salan dərman kimi geniş istifadə edilir. O, həmçinin ödqovucu və sidikqovucu təsirə malikdir. Təzə dərilmiş moruq meyvələrindən hazırlanmış mürəbbə və şərbət böyrək xəstəliyinin və soyuqdəymənin ən yaxşı dərmanıdır. Moruğun 250-dən çox növü var.

Böyürtkənin tərkibində 7-10 faiz şəkər (qlükoza, fruktoza və azacıq saxaroza), 1-1,5 faiz üzvi turşu (alma, şərab, limon, salisil), 1,8 faiz pektinli maddə, karotin, C və B qrupu vitaminləri var. Böyürtkənin meyvəsi təzə halda yeyilir. Ondan likör, şərab, spirtli içki, şirə, kompot, şərbət, mürəbbə, marmelad və cem hazırlanır. Böyürtkən müalicəvi və pəhriz əhəmiyyətlidir. Tərgətirici və sidikqovucu kimi istifadə edilir. Böyürtkən yarpaqlarından dəmlənmiş çay soyuqdəyməyə qarşı içilir. Böyürtkən həm də balverən bitkidir. Çünki bütün yay dövründə çiçəkləyir və arılara yaxşı nektar verir. Böyürtkən soyuqdəymə ilə mübarizə aparır, əsəb sisteminə yaxşı təsir edir, iştahanı artırır və əla antidepressantdır. Moruğun tərkibində olan salisil turşusu hərarəti salır, ağırlaşmağa imkan vermir. Yuxarı tənəffüs yollarının infeksiyaları, soyuqdəyməni, oynaqlarda ağrını aradan götürür.

Arı məhsulları üzərində tədqiqatlarda sübut olunub ki, baldan müntəzəm istifadə edilməsi orqanizmin immun reaksiyasını artırır, onu infeksiyalara qarşı davamlı edir və insan xəstəliyi asan keçirir. Bal bakteriyaları, qarın yatalağı törədicilərini, dizenteriya, bağırsaq parazitlərinin yumurtalarını, Sibir xorası çöplərini məhv edir. Arı yapışqanı yaraların sağalmasına səbəb olur, göbələyin bütün növlərini məhv edir, damarların divarlarını bərkidir. Fitonsid xüsusiyyətlərə malikdir. Soyuqdəymənin profilaktikası üçün bal hər gün xeyirlidir. Arı yapışqanının həlimi otitdə, farengitdə, tonzillitdə, irinli yaralarda kömək edir. Bal çox qaynar suda həll edilməməlidir (40⁰-dən yuxarı olmayan), əks halda bütün xeyirli maddələri məhv olur. Allergiyada, şəkərli diabetdə istifadəsi tövsiyə edilmir.

Çaytikanının tərkibində bir çox xəstəliklərin profilaktikası və müalicəsi üçün vacib olan vitaminlər, mikroelementlər və üzvi turşular var. Bitkinin təxminən bütün hissələri xeyirlidir. Meyvələri yeyilir, yağ almaq üçün becərilir. Təmizləyici, yara sağaldıcı, iltihaba qarşı vasitədir. Vitaminlərlə yanaşı, tərkibində aşılayıcı maddələr, olein, linol və palmetin turşuları var. Onun yağı farengit-tonzillit, dəri, ağız və boğazda selikli qişaların zədələnməsində, yaraların müalicəsində yağından istifadə edilir. Məsələn, kəskin və xroniki larengit və ya farengitdə selikli qişanı çaytikanı yağı ilə isladılmış pambıq tamponu ilə sürtmək və ya yağlı inhalyasiyalar aparmaq lazımdır. İnhalyasiya yuxarı tənəffüs yolları xəstəliklərinin əla profilaktikasıdır.

Turp təbii həkim və bizim əcdadlarımız üçün əsl vitamin mənbəyidir. Tərkibində çoxlu miqdarda C vitamini, kalium, kalsium, kükürd və maqnium var. Qara turpun şirəsi güclü antiseptikdir, yara və xoraları sağalda bilir, bəlğəmgətirici və soyuqdəyməyə qarşı vasitədir. Şəkərli diabetdə xeyirlidir, şirəsi sidikqovucu, yarasağaldıcı, bakterisid təsir göstərir, həzm və maddələr mübadiləsini yaxşılaşdırır. Öskürək, bronxit, qrip və anginada istifadə edilir. Ürək-damar patologiyası, böyrəklərin ağır xəstəlikləri, mədə və onikibarmaq xorasında istifadəsi tövsiyə edilmir.

Qara qarağat çox xeyirli giləmeyvədir. İltihaba qarşı və dezinfeksiya xüsusiyyətlərinə malikdir. Qara qarağatın fitonsidləri virus, bakteriya, mikroskopik göbələkləri məhv etməyə qadirdir. Qocalıqla mübarizə aparır, Alsheymer xəstəliyinin yaranma riskini aradan qaldırır. Şəkərli diabetin profilaktikası kimi istifadə olunur. Angina, diareya, hərarət və öskürəkdə istifadə edilir. Yarpaq və giləmeyvələrini çay kimi dəmləmək, meyvə içkisi bişirmək, mürəbbəsini yemək lazımdır. Mədənin yüksək turşuluğu zamanı, tromboflebit xəstəliyində, hamiləlikdə ehtiyatla istifadə edilir.

Sarımsaq Rusiyada qədimdən təbii antibiotik və biostimulyator kimi istifadə edilib. Alimlər müəyyənləşdirib ki, sarımsaq orqanizmin öz immun hüceyrələrini “yandırmağa” malikdir (T-limfositlər). Sarımsağın bir dişində 400-dən çox xeyirli birləşmə var. Virus və bakteriyaları məhv edir, bağırsaq və digər parazitləri çıxarır, təzyiqi salır və trombozu aradan götürür. Antioksidant xüsusiyyətlərə malikdir. Sarımsaq ilə difteriya, xora xəstəliyi, vərəm müalicə edilir. Sarımsağın uçucu efir yağları yağlı turşuların Omeqa-3 xüsusiyyətlərinə malikdir, yəni onkoloji xəstəliklərin qarşısını ala bilər. Soyuqdəymə dövründə və ya istənilən vaxt istifadə edilir. Salatlara, xörəklərə əlavə edilir. Sarımsağın efir yağları antiseptik vasitə kimi təsir edir. Sarımsaqdan mədənin yüksək turşuluğu, öddə daş xəstəliklərində, qastrit, mədə və ya onikibağırsaq xorasında istifadəsi tövsiyə edilmir.