Qaraciyərin piylənməsi: əsas SİMPTOMLAR

Bir çoxlarımızın fikrinə görə, qaraciyərin əsas funksiyası detoksikasiyadır, yəni qanı ziyanlı maddələr, toksin və zəhərlərdən təmizləməkdir.

Bəli, bu çox vacib funksiyadır. Lakin qaraciyər tək bu işi icra etmir. Qaraciyər mübadilə proseslərində də çox aktiv iştirak edir. Bu o cümlədən piylərin parçalanmasına aiddir. Təəssüf ki, qaraciyər piyləri parçalamaqla yanaşı həmçinin piyləri özündə toplaya bilir. Bu qaraciyərin piylənməsinə gətirib çıxardır. Qaraciyərdə yığılmış piy bu orqanın iltihabına səbəb olur. Belə xroniki iltihab qaraciyər hüceyrələrinin kütləvi şəkildə parçalanmasına, sirroz və qaraciyər xərçənginin inkişafına səbəb olur.

Saglamolun.az bildirir ki, xəstəliyin əsas təhlükəsi ondan ibarətdir ki, ilkin mərhələlərdə xəstəlik özünü demək olar büruzə vermir,  simptomlar çox zəif olur və xəstə onları qaraciyər deyil, həzm sistemi pozulmaları və s. ilə əlaqələndirir.

Bu simptomlar arasında:

– ağızda acı dad

– qarında köp və meteorizm

– ürəkbulanması

– sağ qabırğaaltı nahiyəsində ağırlıq hissi və diskomfort

– səbəbsiz yorğunluq

– zəiflik

Sizdə bu kimi simptomlar uzun müddət ərzində müşahidə olunursa mütləq həkimə müraciət edin. İlkin mərhələlərdə qaraciyərin piylənməsi tam müalicə olunur.