Dadlı, şirin və faydalı tut

Tut Azərbaycan torpağında qədimdən becərilən bitkidir. Meşələrdə cır tutun bir neçə forması var: ağ tut, qara tut və mor tut.

Azərbaycan Milli Elmlər Akademiyasının Nəbatat Bağının aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Asif Mehralıyev AZƏRTAC-a deyib: “Tutu payızda, qışın şaxtasız günlərində və erkən yazda əkmək olar. Havalar istiləşən kimi ağacda tumurcuqlar açmağa başlayır. Həmin vaxt müntəzəm suvarma aparmaq lazımdır. Tut çox su sevən ağac deyil, lakin əkildiyi ilk dövrlərdə ona qulluq tələb olunur. Əkiləndən sonra ona bir-iki il ardıcıl su verilməlidir ki, kök sistemi yaxşı inkişaf etsin”.

Tut dərdlər dərmanı, yaraların məlhəmidir. Tut ağacından ət döymək üçün toxmaq hazırlanır. Su dəyirmanının unluğu, təhnəsi, xəlbirin və ələyin sağanağı tut ağacından hazırlanır. Musiqi və məişət alətlərinin hazırlanmasında onun oduncağı əvəzsiz xammaldır. Tutun təzə, xırda yarpağına dolma bükülür.

Botanik-alim deyib: “Tutun yarpağından tutmuş meyvəsinə, cecəsinə qədər müxtəlif məqsədlərlə istifadə edilir. Hər səhər onun meyvəsini acqarına yemək qanı təmizləyir. Tut meyvəsi və ondan hazırlanan doşab və irçal daxili xəstəliklər zamanı çox böyük şəfaverici rol oynayır.

Qaraciyər ağrılarında qara tut, həzmi yaxşılaşdırmaq üçün isə tam yetişməmiş turş tut meyvələrini yemək müalicəvi təsir göstərir. O, həm də qan təzyiqini aşağı salır və iştaha gətirir. Tut meyvəsinin şirəsi boğaz ağrıları və difteriyada faydalıdır, anginada qarqara kimi istifadə olunur”.

Onun dediyinə görə, qara tut həzmi yaxşılaşdırır və mədəni möhkəmləndirir: “Dizenteriya, diabet, qanazlığı və orqanizmin ümumi zəifliyində çox faydalıdır. Ağ tutun yarpaqları dəmlənilərək soyuqdəymələrdə hərarətsalıcı vasitə kimi, yarpaqları və qabıqları isə dəmləmə və bişirmə şəklində epilepsiya əleyhinə məlhəm kimi qoturluq əleyhinə işlədilir. Tutun gövdə və kök qabığının dəmləməsi, bişirməsi və maye ekstraktı hipertoniya, sidikqovucu və qurd xəstəliklərində tətbiq edilir”.