Ağcabədidə indiyədək 83 min tondan çox taxıl tədarük edilib

Ağcabədi rayonunda taxıl biçini davam edir. Biçinin vaxtında və itkisiz başa çatdırılması üçün bütün qüvvələr səfərbər olunub.

Fins.az xəbər verir ki, bu ilin məhsulu üçün rayonda 28 min 324 hektarda taxıl yetişdirilib. Əkin sahələrinin 19 min 989 hektarı buğda, 8335 hektarı arpadır. Taxıl biçininə ümumilikdə rayon üzrə 57 taxılbiçən kombayn cəlb edilib. Bunun 46-sı “Aqrolizinq” ASC-yə məxsus olan, 11-i isə fiziki şəxslərin və iri təsərrüfat sahiblərinin istifadəsində olan texnikalardır.

Ağcabədi taxılçıları indiyədək 22 min 263 hektar sahədə biçin aparıb, 83 min 185,1 ton məhsul götürüblər. Hər hektarın orta məhsuldarlığı 37,3 sentnerdir ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 2 sentner çoxdur.

Qeyd edək ki, Ağcabədi rayonu respublikanın 100 min tondan çox taxıl istehsal edən rayonları sırasındadır. Ötən il rayonda 29 min 175 hektar sahədə taxıl becərilib, 105 min 322 ton məhsul əldə edilib.

© Azərtac