Dondurma mövsümü gəldi: nələrə diqqət edək?

Artıq dondurma mövsümü başlayıb. Bu gün, demək olar, bütün marketlərdə dondurmalar satılır. Muxtar respublikada yerli istehsalla yanaşı, idxal dondurmalar da satılır. Dondurma həssas qida olduğu üçün kənar təsirlərə – istiyə, soyuğa, qoxuya daha tez məruz qalır.

Normativ-texniki sənədlərlə müəyyən edilmiş rejimdə saxlanılmalı olan dondurma məhsulları istehlakçıya satış zamanı ixtisaslaşdırılmış vitrinlərdən istifadə olunmaqla təqdim olunmalıdır. Bu baxımdan həm istehlakçılar, həm də topdan və pərakəndə satış obyektlərinin satıcıları dondurma alarkən və satışını həyata keçirilərkən diqqət etməli olduqları bəzi zəruri məsələləri bilməlidirlər.

Daha çox uşaqların sevdiyi dondurma yüksək qidalılıq dəyərinə malik olan, orqanizm tərəfindən asan həzm olunan qida məhsuludur. Onun  istehsalında əsasən süd, şəkər, yumurta, kərə yağı, dad və ətirverici, stabilləşdirici və sair maddələrdən istifadə olunur. Süd əsasında hazırlandığından tərkibi süd yağı, zülallar, mineral maddələr və vitaminlərlə zəngindir. Hər gün istehlak edilməsi vacib olan süd və süd məhsulları arasında dondurma xüsusi yerlərdən birini tutur. Yəni, sərinləmək üçün yediyimiz dondurmanın insan sağlığında da əhəmiyyətli rolu vardır.

Dondurmaların bir çox növləri vardır ki, bunlardan ən çox əhali arasında istehlak olunanları südlü, qaymaqlı, plombir, meyvə-giləmeyvəli və şokoladlıdır. Bunların hər birinin əlavələrindən asılı olaraq müxtəlif çeşidləri istehsal edilir. Tərkibində süd olduğuna görə dondurma saxlanma şəraitindən və temperatur rejimindən asılı olaraq tez keyfiyyətini itirə bilər. Ona görə də dondurma alarkən ilk növbədə onun düzgün etiketləndiyinə, üzərində istehsal və saxlama müddətlərinin göstərildiyinə, lazımi şəraitdə və temperatur rejimində saxlanıldığına fikir vermək lazımdır. Dondurmanın üzərində onun istehsalçısı barədə məlumat, məhsulun adı, qida əlavələri daxil olmaqla tərkibi, xalis kütləsi, istehsal tarixi, saxlanma şəraiti və müddəti, sertifikatlaşdırıldığına dair qeyd və standartın nömrəsi  göstərilməlidir.

Ədədlə satılan xırda çəkilib-bükülmüş dondurmalar vafli, qapaqlı polistirol və parafinmiş karton stəkanlarda, laminirlənmiş sellofan paketlərdə və müvafiq səlahiyyətli orqanlar tərəfindən icazə verilən digər qablaşdırma materiallarında buraxılmalıdır.

Açıq şəkildə çəki ilə satılan dondurmalar daxildən qalaylanmış qapağı möhkəm örtülən qablarda qablaşdırılır. Qapağın altından perqament və yaxud podperqament kağızı qoyulur. Çəki ilə satılan dondurmalar daxilinə polietilen yerləşdirilmiş karton qutulara qablaşdırıla bilər.

Dondurma növündən asılı olaraq topdansatış və pərakəndə ticarət məntəqələrində xüsusi soyuducu kameralarda mənfi 18oC-dən yüksək olmayan temperaturda aşağıdakı müddətlərdə saxlanıla bilər:

–      südlü dondurmalar 1 ay;

–      meyvəli-giləmeyvəli, qaymaqlı və ətirli dondurmalar 1,5 ay;

–      plombir dondurması 2 ay;

Dondurma etiketdə qeyd edilmiş temperaturda saxlanılmalıdır. Dondurmaların üzərinə birbaşa günəş şüaları düşməməlidir. Dondurmanın saxlanıldığı soyuducunun üzəri qoruyucu örtüklə örtülməli, açıq havada satılırsa, soyuducular kölgə düşən yerlərdə saxlanmalıdır.

Dondurmaların digər qida məhsulları (toyuq, balıq məhsulları və s.) ilə eyni soyuducuda saxlanılması yolverilməzdir. Digər qidalarla eyni soyuducuda saxlanma dondurmanın keyfiyyətini pozmaqla yanaşı, onun tərkibində zərərli mikroorqanizmlərin inkişafına səbəb ola bilər. Qeyri-düzgün və antisanitariya şəraitində satılan dondurmalar asanlıqla yararlı qida məhsulundan təhlükəli məhsula çevrilə bilir.

İstehsalında müasir texnologiyadan istifadə edildikdə, eləcə də məhsulun saxlama müddətinin artırılmasına zəmanət verən konservantlar, stabilizator-emulqatorlar və digər qida əlavələri standartlara uyğun olaraq əlavə edildikdə südlü, qaymaqlı və plombir dondurmaları mənfi (18±2)oC -dən yüksək olmayan temperaturda ən çoxu 10 ay saxlanıla bilər.

Üzərində istehsal və saxlama müddətləri göstərilməyən, lazımi şəraitdə və temperatur rejimində saxlanılmayan, metal, turşumuş, qıcqırmış, kif iyi və acı tamı verən, barmaqla basdıqda yumşaq və boş olan, üzərində buz kristalları müşahidə edilən, rəngi adına uyğun olmayan dondurmalar keyfiyyətsiz hesab olunur.

Xarici görünüşcə dondurmada kəsmiyəbənzər yağlılıq, qumabənzər köpüklülük əlamətləri olmamalıdır. Dondurmanın iyi və dadı bu növ məhsula xas olmalı, kənar iy və dad verməməlidir. İstehsal tarixi qeyd olunmayan və saxlama müddəti ötmüş dondurmalar satıcılar tərəfindən satışdan çıxarılmalı və istehlakçılar bu cür məhsulları almaqdan çəkinməlidirlər.

Qeyd edək ki, bu gün muxtar  respublikada 10 çeşiddə  dondurma istehsal olunur. Yerli istehsal məhsullarımız olan dondurmalar ekoloji təmiz, əlavə kimyəvi qatqılar vurulmadan hazırlandığına görə daha dadlı və keyfiyyətlidir. Belə dondurmalar düzgün qablaşdırıldığına, üzərində onun istehsalçısı barədə məlumat, məhsulun adı, qida əlavələri daxil olmaqla tərkibi, xalis kütləsi, istehsal tarixi, saxlanma şəraiti və müddəti, sertifikatlaşdırıldığına dair qeyd və standartın nömrəsi göstərildiyinə görə qida təhlükəsizliyi baxımından daha etibarlıdır.