Palma yağının xeyri və ziyanı

İndoneziya, Malayziya, Braziliya və Afrika ölkələrində yetişən palma ağacının meyvəsindən hazırlanan yağ ən ucuz bitki yağıdır. Elə buna görə də onun istifadə arealı durmadan artır. Dünyada il ərzində 50 milyon ton civarında palma yağı istehsal edilir. Yağ meyvənin həm tumundan, həm də gövdəsindən hazırlanır. Daha təhlükəli hesab olunan meyvənin gövdəsindən hazırlanan yağ ümumi palma yağının 55 faizini təşkil edir.
AZƏRTAC tibbi mənbələrə istinadla xəbər verir ki, bir sıra hazır yeməklərin, şirniyyat və yarımfabrikantların hazırlanmasında palma yağından geniş istifadə olunur. Onun əhatə dairəsi təkcə qida sənayesi ilə məhdudlaşmır. Kosmetik vasitələrdən tutmuş bir çox təmizlik vasitələrinin istehsalına qədər həmin yağdan istifadə edilir.
Onu da deyək ki, inqridiyentlər sırasında palma yağı 200-dək alternativ ad altında göstərilə bilər. Məsələn, bitki yağı kimi. Bitki yağı o halda az zərərli hesab edilir ki, tərkibində doymuş yağların faizi az olsun. Mütəxəssislərin dediyinə görə, digər bitki yağları ilə müqayisədə palma yağının tərkibində doymuş yağların miqdarı xeyli yüksəkdir.
Ümumdünya Səhiyyə Təşkilatı və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) palma yağından istifadənin zərərləri ilə əlaqədar xəbərdarlıq edib. Doğrudur, palma yağının A, E, D vitaminləri ilə zəngin olduğunu da deyirlər. Onun tərkibində olan lütein görmə qabiliyyətini yaxşılaşdırır, eyni zamanda beynin inkişafına da yaxşı təsir göstərir. Lakin bu müsbət tərəfləri ilə yanaşı, zərərli cəhətləri də kifayət qədərdir. Aparılan təcrübə zamanı müəyyən edilib ki, palma yağı ilə qızdırılmış qida ilə yemlənən siçanlarda altı ay ərzində ürək xəstəlikləri əlamətləri müşahidə olunur.
Ümumdünya Səhiyyə Təşkilatının mütəxəssisləri hesab edirlər ki, palma yağından istifadə piylənmə və xroniki xəstəliklərin inkişafına səbəb olur. Ekspertlərin apardığı təhlillər zamanı məlum olub ki, dünyanın 23 ölkəsində palma yağının istehlakı ilə işemik ürək xəstəliklərinin artması arasında əlaqə var.
Həkimlərin dediyinə görə, palma yağı orqanizmdə tam sorulmur, toxumalarda toplanır və bu, metabolik pozğunluq yaradır. Onun piylənmə vermədiyi və çəki azaltdığı barədə deyilənlər həqiqətəuyğun deyil. Təcrübə göstərir ki, əksinə, ondan istifadə çəki artımına səbəb olur. Çəkinin artması isə bir sıra xəstəliklərin yaranmasının başlanğıcıdır.
Maraqlıdır ki, bütün zərərli xüsusiyyətlərinə baxmayaraq, dünyada palma yağının istehsalı və istehlakı durmadan artır. Məsələn, 1995–ci ildən 2017-ci ilədək dünyada onun istehlakında dörd dəfə artım qeydə alınıb.

Tarix: / Foodinfo