Kəsmik qaraciyər xəstəliklərinin profilaktikası üçün xeyirlidir

Süd məhsulları içərisində fosfor və kalsiumla zəngin olan kəsmiyin xüsusi yeri var. Özündə ehtiva etdiyi zülal, B qrupu vitaminləri və amin turşuları onu qaraciyər xəstəliklərinin profilaktikası üçün ən xeyirli qidalardan birinə çevirir.
AZƏRTAC tibbi mənbələrə istinadla xəbər verir ki, kəsmik yağlılıq dərəcəsinə görə yağlı, yağsızlaşdırımış və pəhriz növlərinə bölünür. Diyetoloqların fikrincə, maddələr mübadiləsinin tənzimlənməsində xüsusi rol oynayan az yağlı məhsuldan istifadə daha məqsədəuyğundur.
Kəsmiyin amin turşuları və doymamış yağ turşuları ilə zəngin olması onun bütün yaş dövrlərində qəbul olunmasını zəruri edir.
Onu uşaqların qida rasionuna daxil etmək üçün körpələrin altı ayı keçməsi məsləhət görülür. Mütəxəssislər mənşəyi, hazırlanma şəraiti məlum olmayan, saxlanma müddəti ötmüş məhsulun sağlamlığa ciddi ziyan vurduğunu bildirilər. Elə buna görə də kəsmik alarkən bir sıra məqamlara mütləq diqqət yetirmək lazımdır. Hər şeydə olduğu kimi burada da ifrata varmaq məsləhət görülmür. Rasiona gündəlik olaraq 150-200 qram kəsmik əlavə edilə bilər.