Mütəxəssis SAXTA QİDALAR haqqında ŞOK FAKTLARI AÇIQLADI

Aldığımız, yediyimiz və içdiyimiz məhsullar düşündüyümüz kimi olmaya bilər.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, TMMOB Qida Mühəndisləri Palatasının İzmir şöbəsinin sədri Uğur Toprak bal istehsalında şəkərli suyun istifadəsindən tutmuş qatığın jelatinlə qarışdırılmasına qədər bir çox dəhşətli faktları açıqlayıb. Qida mühəndisi yeyinti sənayesində saxta qidaların hazırlanması məsələsinə diqqət çəkib.

“Bəzi müəssisələr insanların sağlamlığına təhlükə yarada biləcək ərzaqlar istehsal edir. Vətəndaşlar məhsulları qiymətinə əsasən seçir. Nazirlik vaxtaşırı olaraq saxta məhsulları açıqlayır. Məhsul saxlama müddəti bitmədən rəflərdən toplanmalıdır. Məsələn, balın hazırlanmasında bir çox saxtakarlığa rast gəlirik. Arılar su ilə qarışdırılmış şəkərlə bəslənir. Onlar normal polendən aldıqları şəkəri deyil, bu suyu istehlak edərək bal hazırlayır. Beləliklə şirkət daha ucuz və keyfiyyətsiz məhsul istehsal edir.

Kolbasa, sucuk və sosiska da saxta məhsullar siyahısına daxildir. Bu qidaların hazırlanmasında at və eşşək əti də istifadə edilə bilər. Dana sosiskası və ya kolbasasında 100 faiz mal əti istifadə edilməlidir. Ancaq bunun əvəzinə toyuq əti qarışdıra bilərlər.

Holland pendirinin istehsalındakı saxtakarlıqlardan biri də kartof püresi ilə qarışdırılmasıdır. Bəzi firmalar süd əvəzinə kartof əlavə edir.

Qatığın istifadə müddətini uzatmaq və ya qatı olmasını təmin etmək üçün jelatin əlavə olunur. Bütün bunlar qadağandır. Qatığı qaşıqlayan zaman əslində kənarlara dağılmalıdır, amma jelatin əlavə edildiyi üçün qatılığı artır və bərk olur. Nəticədə qaşıqda olduğu kimi dayanır və dağılmır. Qatığın üzərində marqarinlə qaymaqlı təbəqə yaratmağa çalışan firmalar da az deyil”.

Mütəxəssis daha sonra zeytun yağının ən çox yayılmış saxta qidalardan biri olduğunu açıqlayıb:

“Bitki, günəbaxan yağı qarışdıraraq zeytun yağının keyfiyyətini və qiymətini aşağı salırlar. Zeytunda da boyaq maddələrdən istifadə olunur. Zeytunun çəyirdəyi normal olaraq qəhvəyi rəngdədir, amma tünd qara rəngdədirsə, deməli, boyaq maddələri əlavə olunub.

Bunların hamısı nəzarət altında olmayan müəssisələrdə və qida mühəndislərinin işləmədiyi şirkətlərdə baş verir. Bu kimi halların qarşısını almaq üçün nəzarət artırılmalı və ciddi cəzalar tətbiq olunmalıdır”, – deyə sonda ekspert qeyd edib.