“Uşaqları tam təcrid etmək də düzgün deyil” – Sağlamlıqlarına mənfi təsir…!

“Onlar böyüyən orqanizmə malikdirlər. Bu səbəbdən də daim hərəkətdə olmalı, təmiz hava qəbul etməlidirlər”

“Karantin onların həm orqanizminə, həm də sağlamlığına mənfi təsir göstərir”

Məşhur hind ataların sözündə deyilir: “ Unutmayın, uşaqlarınız sizin deyil. Onu Yaradandan borca götürürsünüz”. Bu fikrə inansaq, deməli, biz övladlarımızı qorumalı, onların koronavirusun qurbanına çevrilməsinə icazə verməməliyik. Axı uşaqlar xüsusi kateqoriyaya aiddirlər. Onların həm immunitetləri, həm psixologiyaları zəifdir. Bəs körpələrimizi necə qorumalı?

Pediatr Vaqif Qarayev bu barədə “Sherg.az”a danışıb. Onun fikrincə, uşaqların bu xəstəliyi yüngül keçirmələri arxayınlığa əsas verməməlidir:

“COVİD yoluxucu, başqa sözlə desək, respirator virusdur. Bütün bu tip virusların qorunma yolu eynidir-tibbi maska taxmaq, sosial məsafəni gözləmək. Koronavirusdan əvvəl də xəstələnən uşaqlarımızı bağçaya, məktəbə qoymurduq. Yenə də həmin qaydalara əməl etməliyik. Ilk vaxtlar koronavirusun uşaqlara “dəymədiyini” deyirdilər. Ancaq sonradan gördük ki, belə deyil. Az olsa da, yoluxan və ölənlər arasında kiçikyaşlılar da var. Düzdür, adətən uşaqlar bu xəstəliyi yüngül keçirirlər. Bununla belə, qorunmaqda fayda var. Çünki koronavirusun ən təhlükəli cəhəti əlamətlərini biruzə verməməsidir. Yəni kimin daşıyıcı olması bilinmir”.

V. Qarayev düşünür ki, uşaqları tamamilə təcrid etmək də düzgün deyil:

“Onlar böyüyən orqanizmə malikdirlər. Bu səbəbdən də daim hərəkətdə olmalı, təmiz hava qəbul etməlidirlər. Son vaxtlar uşaqların sağlamlıqları ilə bağlı şikayətlərin artması heç də təsadüfi deyil. Çünki karantin onların həm orqanizminə, həm də sağlamlığına mənfi təsir göstərir. Ona görə də, kütləvi yerlərə, ictimai iaşə obyektlərinə getməmək şərtilə balalarımızın təmiz hava qəbul etmələrinə, hərəkətdə olmalarına şərait yaratmalıyıq. Belədə həm psixoloji pozuntular olmayacaq, həm də qida, yuxu rejimində problem yaşanmayacaq”.

Pediatr, onu da dedi ki, bütün uşaqlara koronavirus təhlükəsini eyni formada başa salmaq olmaz. Bu, differensial yanaşma tələb edir:

“Azyaşlıları qorxutmaq yolverilməzdir. Onlara təhlükə barədə səthi məlumat vermək məqsədəuyğundur. Əks halda mənfi nəticə meydana çıxar. Valideynlər də diqqətli olmalı, çox panika yaratmamalıdırlar. Böyüklərə isə vəziyyəti olduğu kimi demək mümkündür. Onsuz da onlar özləri real informasiyanı qəbul etmək iqtidarındadırlar. Bir məqamı da qeyd edim ki, şəxsən mən qorxu, stress yarada biləcək səhnələrin, o cümlədən foto və videoların yayılmasının qəti əleyhinəyəm”.