“İrəvan xanlığının bölgə mətbəxi”

“İrəvan xanlığının bölgə mətbəxi” kitabı İstanbulda “TEAS Press” nəşriyyatı tərəfindən çap olunub.

Layihənin rəhbəri, filologiya üzrə fəlsəfə doktoru Qivami Rəhimli kitab barədə məlumat verərək bildirib ki, torpaqlarımızla bərabər mədəni irsimizə də göz dikən ermənilər mətbəx və yeməklərimizi özününküləşdirməyə çalışırlar. Buna görə Azərbaycan gerçəkliklərini beynəlxalq aləmdə yaymaq, erməni yalanlarını ifşa etmək hər bir Azərbaycan vətəndaşının ümdə borcu olmalıdır.

Qeyd olunub ki, Azərbaycan Milli Kulinariya Mərkəzi (AMKM) bu mübarizənin ön sıralarında olaraq, mətbəxlə bağlı beynəlxalq tədbirlərdə erməni saxtakarlıqlarını ifşa etməklə yanaşı, Azərbaycan mətbəxinin dünyada tanınmasında mühüm işlər həyata keçirir. AMKM-in və onun rəhbəri Tahir Əmiraslanovun iştirakı ilə ərsəyə gələn “İrəvan xanlığının bölgə mətbəxi” kitabı bu uğurların məntiqi davamıdır.

Çoxillik tədqiqatların məhsulu olan kitab istər tarixi-etnoqrafik, istərsə də milli-mənəvi baxımdan aktual bir mövzuya – İrəvan azərbaycanlılarının, indi “Ermənistan” adlanan dövlətin ərazisinin yerli sakinləri olmuş soydaşlarımızın qədim mətbəx mədəniyyətinin tədqiqinə həsr edilib.

Kitabda ümumilikdə Qərbi Azərbaycan mətbəxinə aid olan və həmin bölgənin əhalisinin yaratdığı maddi mədəniyyətin qədimliyini və zənginliyini göstərən çoxsaylı tarixi-etnoqrafik faktlar toplanıb. Erməni iddialarının əsassızlığını sübuta yetirən, tarixi qaynaqlara və etnoqrafik sorğulara əsaslanan monoqrafiya Azərbaycanın qədim tarixə malik İrəvan bölgəsinin maddi-mənəvi mədəniyyətinə dair qiymətli ensiklopedik mənbədir.

Kitabda mətbəx mədəniyyətimizə ermənilərin zaman-zaman göz dikməsi, azərbaycanlıların yemək-içmək və qida məhsulları adlarının “erməniləşdirilməsi” prosesi və onların dünyada “erməni mətbəxi”nin məhsulu kimi təqdim edilməsi konkret faktlarla ifşa edilərək oxucuların diqqətinə çatdırılır.

Tədqiqat işlərindən aydın olur ki, hələ 1960-cı ildə Ermənistan SSR Elmlər Akademiyası “erməni yeməklərini bərpa etmək” məqsədilə Göyçə və Zəngəzur mahallarında Azərbaycan türklərinin yaşadıqları kənd və qəsəbələrdən toplanılan materiallar əsasında ərzaq məhsulları və yemək növlərinin adlarını, onların hazırlanma qaydalarını saxtalaşdıraraq “Ermənistan mətbəxi” adlı kitab nəşr etdirib.

Amma ermənilərin milli mətbəximizə aid olan, tarixən İrəvan xanlığının əhalisinin qida rasionunda yer tutan yemək və içkilərin bütünlüklə özününküləşdirməyə və “erməni yeməkləri” kimi tanıtmağa çalışmalarına rəğmən, orada yer alan yeməklərin əksəriyyətinin, ərzaq məhsullarının, meyvə-tərəvəzin, ədvaların, demək olar ki, hamısının adları (dolma, qovurma, bozartma, kətə, lavaş, müxtəlif plov növləri və s.) yenə də Azərbaycan türkcəsindədir. Onlar bizim mətbəx terminologiyasında olan yemək-içmək adlarına bəzi hərf dəyişikləri etməklə özlərinə “mətbəx mədəniyyəti” yaratmaq iddiasını gerçəkləşdirmək istəyiblər. Artıq beynəlxalq ictimaiyyət bu yalanların aradan qaldırılmasının şahidi olur. Bir neçə il öncə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin lavaşla bağlı erməniləri məyus edən qərar verməsi, lavaşın türk xalqlarının çörəyi kimi UNESCO-nun siyahısına salması buna əyani sübutdur.

“İrəvan xanlığının bölgə mətbəxi” kitabında xanlığın mədəni irsini, Azərbaycan və İslam dini mədəniyyətini əks etdirən tarixi şəkillər – Sərdar sarayı, İrəvan məscidləri, karvansara və İrəvan şəhərinin tarixi mərkəzini təşkil etmiş digər memarlıq abidələrinin məhv edilməsi prosesini təfərrüatları ilə göstərən fotosənədlər də yer alıb. Gürcüstan Milli Muzeyinin, gürcü alimlərinin təqdim etdiyi tarixi sənədlər, şərqşünas-fotoqraf D.İ.Yermakovun (1845-1916) çəkdiyi fotoşəkillər İrəvan xanlığının Azərbaycanın qədim əraziləri olduğunu göstərən danılmaz faktlardır.

Kitabda İrəvan mətbəxinə aid çoxsaylı qida məhsullarının, çeşidli mətbəx ləvazimatlarının, ümumilikdə 413 növdə yemək və içki adları, onların hazırlanması qaydaları verilir ki, bu da Qərbi Azərbaycan torpaqlarını əhatə edən İrəvan xanlığı ərazisindəki mətbəx və süfrə mədəniyyəti haqqında əyani təsəvvür yaradır.

“Ən başlıcası isə kitab hər kəsi ruhən bu gün əsirlikdə olan Vətən torpağına aparır, o torpaqların gözəlliyini, təndirinin ətrini, yeməklərinin ləzzətini bir daha yada salır. Ümidvarıq ki, bu qiymətli əsər, həmçinin Azərbaycanımızın maddi mədəniyyət tarixini zənginləşdirən növbəti səhifə olmaqla hər bir oxucunun stolüstü kitabına çevriləcək”, – deyə Q.Rəhimli bildirib.