Azərbaycanda ötən il 432 min manat gəlir əldə edən fermerlər

Şəki rayonunda istehsalçılardan yaş barama tədarükünə başlanılıb. Mövsümün ilk günündə rayonun Aşağı Göynük kəndinin sakinləri Asif Hüseynəliyev və Əfqan Əliyev “Azəripək” MMC-nin qəbul məntəqəsinə 320 kiloqram yaş barama təhvil veriblər.

Bu barədə Fins.az-a Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Sahib Abdulhəmidov məlumat verib.

 

Qurum rəsmisinin sözlərinə görə, builki mövsümdə Şəki rayonunda yaş barama istehsalının ötən illə müqayisədə 15 tondan çox artırılaraq, 63,6 tona çatdırılması proqnozlaşdırılır. Barama yetişdirmək üçün 389 kümçü ilə müqavilə bağlanılıb, onlara 1590 qutu ipəkqurdu paylanılıb.

Qeyd edək ki, son illər şimal-qərb bölgəsinin digər rayonları kimi, Şəkidə də baramaçılığın inkişaf etdirilməsi istiqamətində məqsədyönlü iş görülür. Görülmüş tədbirlər nəticəsində son üç ildə rayonda yaş barama istehsalı 5,6 dəfədən çox artaraq 48 tona çatıb. Kənd təsərrüfatının ənənəvi sahələrinin, o cümlədən baramaçılığın dirçəldilməsi əhalinin məşğulluğunun təmin edilməsi və gəlirlərinin artmasına çox yaxşı təsir göstərir. Belə ki, ötənilki mövsümdə şəkili kümçülər yaş barama istehsalından 432 min manat gəlir əldə ediblər.