Bağırsaqlar və beyin arasında yeni əlaqə – Bu xəstəlikləri ağırlaşdırır

Selikli qişa bağırsaqlarımızdakı zərərli bakteriyalara qarşı ilk müdafiə xəttidir.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, alimlər bağırsaqların selikli qişasındakı dəyişikliklərin bakterial disbalansı aradan qaldıra, autizm, Parkinson xəstəliyi, Altsheymer və skleroz kimi bir çox beyin xəstəliklərinin əsas simptomlarını ağırlaşdıra bildiyini deyib. Ancaq hələlik dəqiq əlaqələr müəyyənləşdirilməyib.

Royal Melburn Texnologiya Universitetinin mütəxəssisləri bu barədə 113 araşdırma aparıb. Araşdırmanın baş müəllifi dosent Eliza Hill-Yardin bu dəyişikliklərin nevroloji xəstəliklərin əsas əlamətlərini ağırlaşdıracağını söyləyib.

“Selikli qişa bağırsaqdakı yaxşı və pis bakteriyaları tarazlaşdırmağa kömək edən kritik qoruyucu təbəqədir, lakin lazımi miqdarda olmalıdır – çox az və ya çox deyil. Tədqiqatçılar əvvəllər bağırsaq qişasında dəyişikliklərin bağırsaqdakı bakteriyaların balansına təsir etdiyini göstərib, lakin indiyə qədər heç kim bağırsaqların selikli qişası ilə beyin arasında əlaqə olduğunu qeyd etməmişdi.

Bizim araşdırmada autizm, Parkinson, Altsheymer xəstəliyi və sklerozu olan insanların sağlam insanlarla müqayisədə bağırsaq selikli qişasında fərqli bakteriya növlərinin, eləcə də müxtəlif sayda yaxşı və pis bakteriyaların olduğu göstərilir. Bu, bağırsaqlar və beyin arasında əlaqə olduğunu bir daha təsdiq edir. Nəticələr elm adamları üçün yeni imkanlar açır. Çünki “ikinci beynimizə” – bağırsaqlara diqqət edərək beyin pozğunluqlarını daha yaxşı müalicə etmək yollarını axtarmaq mümkün olacaq”, – deyə Hill-Yardin bildirib.

Bağırsaqların selikli qişası mədə-bağırsaq traktının yerləşdiyi yerdən asılı olaraq fərqlidir – kiçik bağırsaqda daha məsaməlidir, buna görə də qida maddələri asanlıqla udulur, yoğun bağırsaqda isə selik qatıdır və bakteriyalara keçməz olmalıdır.

Selik xüsusilə də bağırsaqda olan bakteriyaları öldürən peptidlərlə doludur, eyni zamanda içərisində yaşayan bəzi bakteriyaları qidalandıraraq enerji mənbəyi rolunu oynaya bilər. Elm adamları beyin pozğunluqlarının bağırsaqdakı neyronlara təsir göstərə biləcəyini öyrənir. Məsələn, Royal Melburn Texnologiya Universitetinin tədqiqatçıları göstərib ki, autizmdə həm beyindəki, həm də bağırsağın sinir sistemindəki neyronlar əziyyət çəkirlər.

Hill-Yardin ağır bağırsaq disfunksiyasının beyin pozğunluqlarının simptomlarını gücləndirə biləcəyini, xəstələrin və onların ailələrinin həyat səviyyəsinə əhəmiyyətli dərəcədə təsir etdiyini söyləyib:

“Bağırsaqların selikli qişasının beyin xəstəliklərində oynadığı rolu başa düşə bilsək, bağırsaq müalicələrini inkişaf etdirməyə çalışa bilərik. Araşdırma göstərir ki, gen mühəndisliyi faydalı bakteriyaların sayını artırmaq üçün bağırsaq seliyindəki dəyişikliklər, eyni zamanda nevroloji pozğunluqların müalicəsi üçün potensiala malikdir”.