Biləsuvarda gün ərzində 250 hektar taxıl sahəsinin məhsulu yığılır

Biləsuvarda fərdi fermer təsərrüfalarında taxıl biçininə başlanılıb və qısa müddətdə 1200 hektar sahədə biçin aparılıb. Hər hektarın məhsuldarlığı orta hesabla 30 sentner olur.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, 2019-cu ilin payızında cari ilin məhsulu üçün rayonda 33 min 298 hektar sahədə taxıl əkilib. Bunun 17 min 795 hektarı arpa, 15 min 503 hektarı isə buğdadır.

Ötən il hər hektar taxıl sahəsindən 32,4 sentner məhsul götürən torpaq mülkiyyətçiləri bu il bu nəticəni daha da artırmaq üçün sahələrə nümunəvi qulluq göstərib, bitki gübrələrlə təmin olunub və digər zəruri tədbirlər həyata keçirilib. Bunun nəticəsində də taxıl sahələrində bol məhsul yetişib.

Bir neçə gündür ki, zəmilərdə yetişmiş məhsulun yığımına başlanılıb. Biçin ilk olaraq arpa sahələrində aparılır. Rayonda yığım kampaniyasını vaxtında başa çatdırmaq üçün bütün qüvvələr səfərbər olunub, əsas diqqət məhsulun itkisiz yığılmasına yönəlib.

Bu məqsədlə sahələrə 120-yə yaxın kombayn çıxarılıb, məhsulun daşınması və digər işlərin həlli üçün 350-dən çox maşın və mexanizm cəlb olunub. İşin yaxşı təşkili nəticəsində hər gün 240-250 hektar arpa sahəsinin məhsulu yığılır. Mütəxəssislərin fikrincə, bu il rayonda təxminən 100 min ton məhsul istehsal etmək mümkün olacaq.

Qeyd edək ki, ötən il rayonda zəmilərdən 95 min ton taxıl yığılıb.