Xaçmazda çiyələk sahələrindən mövsümün ilk məhsulu yığılır

Xaçmazlı təsərrüfatçılar çiyələk sahələrindən mövsümün ilk məhsulunu yığmağa başlayıblar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hazırda təsərrüfatçılar 1 kiloqram çiyələyi 2 manata satırlar. Yerli sort çiyələyin yığımı 20-25 gün davam edəcək. Əldə olunan məhsul əsasən yerli bazarlara çıxarılır.

Rayonun Rəhimoba kəndindən olan təsərrüfatçı Fəxrəddin Həsənov bildirib ki, bu il məhsuldarlıqdan, həmçinin çiyələyin satış qiymətindən razıdırlar.

“Yarım hektar sahədə çiyələk becəririk. Məhsuldarlıq yaxşıdır. Ümumilikdə, hər yığımda 100 kiloqrama yaxın çiyələk toplayırıq. Çiyələyə qulluq etmək bir az çətindir. Təsəvvür edin, sahəyə ilboyu qulluq edirik, amma cəmi 20-25 gün məhsul yığırıq. Onu da deyim ki, yerli sort çiyələyə tələbat çoxdur. Çünki mürəbbə bişirmək üçün ən uyğun sort yerli çiyələkdir. Şirin və dadlıdır. Həm də açıq sahədə yalnız Günəş şüaları altında qızarıb, yetişir. Yəni təbiidir. Sahələrimizə yalnız üzvi gübrə veririk. Kimyəvi peraparatlardan ümumiyyətlə istifadə etmirik. Məhsulun ölçüsü xarici sortlarla müqayisədə nisbətən kiçik olsa da, dadına görə hamı Xaçmaz çiyələyinə üstünlük verir”, – deyə Fəxrəddin Həsənov söyləyib.

Xaçmaz rayonunun iqlim şəraiti çiyələk becərilməsi üçün əlverişlidir. Rayonda 100 hektardan çox çiyələk sahəsi var. Hər il bu sahələrdən 150 tondan çox məhsul toplanılır.