2 hektar pomidor sahəsindən 7-8 min manat qazanc – FOTO

Muğan düzündə bostan məhsullarının istehsalına maraq artıb. Tezyetişən yerli və xarici qarpız sortlarından istifadə edən biləsuvarlı fermerlər ötən il bostan məhsullarından 135 sentner məhsuldarlıq əldə ediblər.

Fins.az xəbər verir ki, biləsuvarlı fermerlər faraş əkinlərin ardınca aralıq əkinlərə də üstünlük verirlər. Bununla da təsərrüfatçılar həm ikiqat gəlir qazanır, həm də növbəli əkinlə torpağın münbitləşdirilməsini təmin edirlər.

Uzun illərdir növbəli əkin aparan Muğan kənd sakini fermer Həmdula Qasımov deyir ki, bu yolla ötən il 2 hektar pomidor sahəsindən 7-8 min manat qazanc götürüb: “Ötən il bu torpaqda pomidor, ondan da əvvəl yonca əkmişdik. Məhsulumuz bol oldu. Bu il isə qarpız əkmişik. İnşallah yaxşı məhsulumuz olacaq. Artıq sahələrdə suvarma işini yekunlaşdırmışıq. Ən çox üzvi gübrələrdən istifadə edirik”.

Fermer, həmçinin bildirib ki, qarpız bitkisi istiyə çox tələbkardır. Eləcə də məhsulun böyük müalicəvi əhəmiyyəti var. Orqanizmi, xüsusən böyrəkləri və qaraciyəri zərərli maddələrdən təmizləyir. Böyrəklərdə duz və daş yığılmasının qarşısını alır.

Biləsuvar Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən məlumata görə, Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində fermerlər tərəfindən may ayınadək 17 hektarda qarpız, 11 hektarda qovun əkini ilə bağlı qeydiyyat aparılıb.