Qida zəhərlənmələrinə bu da səbəb ola bilər

Havaların isinməsi ilə əlaqədar olaraq müəyyən patoloji mikroorqanizmlərin inkişafı və çoxalması qida zəhərlənmələrinə aparıb çıxara bilər. Zəhərlənmənin əsas səbəbləri qida məhsullarının düzgün saxlanılmaması və son istehlak tarixi ötmüş ərzaqların qəbul edilməsidir.

Bakı şəhər Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinin müdiri Gülnarə Babayeva deyib: “Süd və süd məhsulları, ət və ət məhsulları, quş əti, yumurta, dəniz məhsulları bir çox mikroorqanizmlərin inkişafı üçün əlverişli mühitə malikdir. Ona görə də həmin məhsulların istehlakı zamanı diqqətli olmaq lazımdır. Bundan başqa ev şəraitində hazırlanan konservləşdirilmiş məhsulların qapağında şişkinlik və mayesində bulanıqlıq varsa, həmin məhsulları istehlak etməkdən imtina etmək lazımdır” .

Onun dediyinə görə, diqqət edilməsi vacib məqamlardan biri də alınan qidaların ev şəraitində saxlanılma və bişirilmə qaydalarıdır: “Qida zəhərlənmələrinə əsas səbəb gigiyena qaydalarına əməl edilməməsi, qidaların hazırlanma texnologiyasına düzgün riayət olunmaması, vaxtı ötmüş qidaların istehlakıdır. Meyvə-tərəvəzlər axar su altında təmiz yuyulmalı, xüsusilə yaz-yay aylarında gün ərzində yeyilən qədər xörək hazırlanmalıdır”.

Hər bir məhsulun özünəməxsus istehlak və saxlanma qaydaları var. Həmin qaydalara əməl etmədikdə orqanizmdə müxtəlif fəsadlar yarana bilər.

Bakı şəhər Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinin baş həkimi Azər Maqsudov deyib: “Qida zəhərlənmələri başağrısı, baş gicəllənməsi, hava çatışmazlığı, ürəkbulanma, qusma, qarın nahiyəsində ağrı və s. şikayətlərlə başlayır, getdikcə görmədə ikiləşmə əmələ gəlir və bundan sonra şikayətlər getdikcə dərinləşir. Belə halda xəstə mütləq həkim nəzarətində olmalıdır”.

Mənbə: AZƏRTAC