Hansı meyvələr şəkərli diabetdən qoruyur?

Alimlər daim qidaların, meyvə-tərəvəzlərin müxtəlif xəstəliklərin inkişafına təsiri ilə bağlı müxtəlif tədqiqatlar aparırlar.

Bu dəfə mütəxəssislər, hansı meyvələrin 2 -ci tip şəkərli diabetin (insulindən asılı olmayan şəkər) inkişaf riskini azaltmağa kömək edəcəyini müəyyənləşdiriblər.

Hesab olunur ki, bunun üçün qida rasionuna daha çox alma, qaragilə və armud daxil edilməlidir. Həkimlər bildirir ki, həmin meyvələrin tərkibindəki maddələr bu təhlükəli, eyni zamanda olduqca geniş yayılmış bir xəstəliyin inkişafının qarşısını almağa kömək edir.

Qeyd edək ki, 2-ci tip şəkərli diabetin əsasını insulinə qarşı bədən toxumalarının rezistentliyi təşkil edir. Bədən çəkisi normadan çox artıq olan (o cümlədən, piylənmə) və çox miqdarda qida qəbul edən şəxslərdə 2-ci tip şəkərli diabetin inkişaf riski artmış olur. İnsulindən asılı olmayan 2-ci tip diabetin müalicəsində əsas məqsəd karbohidrat mübadiləsini normallaşdırmaqdır. Düzgün qidalanma və gündəlik fiziki aktivliklə hüceyrələrin insulinə həssaslığını artırmaq mümkündür. (e-tibb.az)