Sabunçuda quş əti emlı müəssisəsinin fəaliyyəti dayandırılıb – FOTO

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində tədbirləri davam etdirir. Agntlikdən Foodinfo.az-a verulən məlumata görə, AQTA-nın “1003 Çağrı Mərkəzi”nə daxil olan məlumata əsasən Agentliyin əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa ŞTQ, Mehdi Hüseynzadə küçəsi 4 ünvanında fəaliyyət göstərən Babayev Valeh Vaqif oğluna məxsus quş əti emalı müəssisəsində araşdırma aparılıb. Araşdırma zamanı Azərbaycana idxal edilən müxtəlif əmtəə nişanlı  dondurulmuş toyuq ətlərinin sexdə antisanitar şəraitdə donu açıldıqdan sonra daxilinə məhlul vurularaq çəkisinin artırıldığı müəyyən edilib. Həmin toyuqların qablaşdırılaraq üzərində istehsalçı fiziki şəxs Əliyev  Elşən Əziz oğlu qeyd olunan “Siyəzən çolpa” və istehsalçı fiziki şəxs Zeynalov Aslan Mirseyfəl oğlu yazılan “Cücələrim” əmtəə nişanı adı altında Azərbaycan məhsulları kimi satışa çıxarıldığı aşkarlanıb. Yoxlama zamanı “Cücələrim” əmtəə nişanlı toyuq ətinin qablaşdırlması üzərində qeyd olunan Zeynalov Aslan Mirseyfəl oğlunun uzun müddət öncə vəfat etdiyi müəyyən olunub. Yeni qablaşdırmada toyuq ətinin yararlılıq müddətinin saxtalaşdırılaraq satışa çıxarıldığı aşkarlanıb. Agentliyin əməkdaşları tərəfindən qanunvericiliyin tələbləri çərçivəsində müəssisənin fəaliyyəti məhdudlaşdırılıb. Götürülən nümunələr müayinə üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) müvafiq laboratoriyasına təqdim edilib. AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı alınacaqdır.

 

Tarix: / Foodinfo