Bağırsaqları tənbəlləşdirən və qəbizliyə səbəb olan AMİLLƏR

Türkiyəli professor Vedat Göral həddindən artıq çay və qəhvə içənlərə xəbərdarlıq edib. Foodinfo.az xəbər verir ki, professor qəhvənin bağırsaqları tənbəlləşdirdiyini vurğulayıb: “Su əvəzinə tez-tez çay və ya südlü qəhvə içmək qəbizlik yaradır. Problemə qarşı səna çayı, zeytun yağı, yulaf və ya kəpək, qatıq, quru əncir, ərik, gavalı yeyə bilərsiniz”.

Qastroenteroloq Vedat Göral qəbizlik probleminin bir çox səbəbinin olduğunu qeyd edib. Onun sözlərinə görə, gündəlik həyatda stress, hərəkətsizlik, uzun müddət masada oturmaq bağırsaqları passivləşdirir. Banan, şaftalı, həddindən artıq çay, qəhvə, turş içkilər də qəbizliyin yaranmasına səbəb olur. Bərk qida və fəst-fuddan çox istifadə, az su içmək, lifli qidalardan minimum istifadə də qəbizliyin başlıca səbəbləridir. “Tiroid vəzin pis işləməsi, Altsheymer, demensiya, skleroz kimi nevroloji xəstəliklər, yoğun bağırsaq xərçəngi, xoşxassəli şişlər və hemoroy qəbizliyə səbəb ola bilər. Ürək xəstəlikləri və qan təzyiqinə qarşı alüminium tərkibli dərmanlar, antidepressantlar, dəmir, kalsium tərkibli dərmanlar da bağırsaqların fəaliyyətini zəiflədir. Uşaqlıqdakı qorxu, çaxnaşma, depressiya və ya travma kimi psixoloji pozğunluqlar və hormonal problemlər qəbizliyin yaranmasının digər səbəbləridir.

Dərman qəbul edirsinizsə, vaxtında sidiyə çıxmalı, idman etməli və sağlam qidalanmalısınız. Çay, qəhvə, siqaret də azaldılmalı və ya dayandırılmalıdır. Gündə ən azı 2-2,5 litr su içmək lazımdır. Üzərinə kəklikotu əlavə edilmiş zeytun yağı qəbizlik probleminə qarşı olduqca effektlidir.

4 xörək qaşığı qatıq, 2 quru ərik, 1 qurudulmuş əncir, 2 xörək qaşığı yulaf, 1 xörək qaşığı yulaf kəpəyi və 1 çay qaşığı kətan toxumunun qarışığı faydalı ola bilər. Səna və yaşıl çayı hər gün içmək düzgün deyil. Ətin də miqdarı məhdudlaşdırılmalıdır.

Gün ərzində mövsümdən asılı olaraq mütləq armud, heyva, quru ərik, əncir və yüksək lif tərkibli meyvələrdən yeyilməlidir. Həftədə ən az 2 dəfə paxlalı bitkilərdən hazırlanan xörəklərə də ehtiyac var. Ağ çörək əvəzinə tam taxıl çörəyinə üstünlük verin. Probiotik istifadəsini də unutmayın”, – ekspert qeyd edib. (publika.az)