Ət yeyilməsindən tam imtina etmək düzgün deyil

Hər kəs hər gün olmasa da, həftə ərzində bir və ya bir neçə dəfə ət və ya ət məhsullarından istifadə edir. Milli mətbəximizin tanınməş qidaları arasında ətsiz xörək tapmaq çətindir. Son dövrlərdə ət və ya ət məhsullarından könüllü olaraq imtina edənlərin da sayı artıb. Hazırda vegeterian və ya veqan olmaq bir növ dəbə minib. Vegeterian dedikdə ət məhsullarından imtina edib öz rasionunda bitki mənşəli qidalara üstünlük verənlər nəzərdə tutulur. Foodinfo.az Azərtac-a istinadən xəbər verir ki, Azərbaycan Tibb Universitetinin qidalanma və kommunal gigiyena kafedrasının müdiri İbrahim Əhmədovun dediyinə görə, vegeterianlıq inkişaf edən orqanizm üçün, daha dəqiq desək, uşaqlar və gənclər üçün əlverişli deyil: “Çünki onlarda böyümə və inkişaf, bədənin formalaşması prosesi gedir. Müəyyən patologiyalar zamanı ondan tam imtinadan yox, bəzi qidaların məhdudlaşdırılmasından, pəhriz qidalanmasından istifadə etmək daha düzgündür. Əgər kiminsə ateresklerozu, yaxud arterial hipertoniyası varsa, onun ət və ət məmulatlarından çox istifadə etməsi düzgün deyil. Ət yeyilməsi vacibdir, çünki onun orqanizmin immunitetinin formalaşmasında, parçalanan, məhv olan hüceyrələrin yerini doldurmaqda onun böyük əhəmiyyəti var. Ət və ət məmulatlarından birdəfəlik imtina etmək düzgün deyil, çünki onun tərkibində olan maddələr bitki mənşəli məhsullarda yoxdur və ya çox cüzidir. Xüsusilə onların tərkibində olan amin turşuları orqanizmi zülallarla təmin edir”.

Lakin bununla birlikdə qidalanma zamanı meyvə, tərəvəz və ağartı məhsullarından istifadə etmək tövsiyə olunur.