Ərdəbildə 40 nəfər spirtli içkilərdən zəhərlənib

İranın şimal-qərbində yerləşən Ərdəbil vilayəti 3 gün ərzində 40 nəfər spirtli içkilərdən zəhərlənib. Foodinfo.az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Ərdəbil Tibb Elmləri Universitetinin rektor müavini Məhəmməd Rza Rzayibəna deyib. M.Rzayibənanın sözlərinə görə, nəticədə indiyədək 3 nəfər ölüb, bir nəfər insult keçirib və bir neçəsi də dializ olub. Rzayibəna əlavə edib ki, bəzi vətəndaşlar spirtin yeni koronavirusa yoluxmanın qarşısının alınmasında faydalı olduğunu düşünərək ondan istifadə edirlər. Halbuki mövcud bütün spirtlər dezinfeksiya üçün nəzərdə tutulub və onu içmək həyat üçün təhlükəlidir.

Qeyd edək ki, indiyədək İranın cənub-qərbində yerləşən Xuzistan vilayətində saxta spirtli içkilərdən istifadə etməsi nəticəsində 502 nəfər xəstəxanalara müraciət edib və 39 nəfər ölüb. İranın qərbində yerləşən Kürdüstan vilayətində isə 6 nəfər ölüb.

Əlavə edək ki, İranın Səhiyyə Nazirliyi ötən günədək (10 mart) 8 mindən çox şəxsin yeni koronavirusa yoluxduğunu, 291 nəfərin öldüyünü və 2,7 mindən çox xəstənin sağaldığını təsdiqləyib.