Düyü torbasından heroin aşkarlanıb – FOTO

Dövlət Gömrük Komitəsi (DGK) Əməliyyat-İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsinə İrandan qaçaqmalçılıq yolu ilə gətirilən külli miqdarda narkotik vasitənin Biləsuvar rayonu ərazisində realizə ediləcəyi barədə məlumat daxil olub. DGK-dan Foodinfo.az-a verilən məlumata görə, narkotik vasitənin “Biləsuvar-Biləsuvar gömrük postu” avtomobil yolundakı Balharı çayının üzərində olan körpünün altında gizlədildiyi və “Ataxan” adlı şəxs tərəfindən götürülərək realizə olunacağı müəyyən edilib.

Bu məqsədlə Əməliyyat-İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsinin və Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinin əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılıb və həmin ərazi nəzarətə götürülüb.

Martın 4-də saat 17:00 radələrində, şəxsiyyəti sonradan məlum olan Azərbaycan vətəndaşı Abbasov Ataxan Habil oğlunun velosipedlə sözügedən əraziyə gəldiyi müşahidə edilib. O, velosipeddən düşərək Balharı çayının üzərindəki körpünün altına enib. Burada gizlədilən 1 ədəd düyü torbasını götürüb körpünün üstünə qalxarkən əməliyyat qrupu tərəfindən saxlanılıb.

Cənub Ərazi Baş Gömrük İdarəsində həmin torbaya baxış zamanı torbadakı düyünün arasında 3 ədəd bağlama aşkar edilib. Həmin bağlamaların içərisində isə qablaşdırılmaları ilə birlikdə ümumi çəkisi 3 543 qram olan narkotik vasitə – heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

 

Namiq