OIE-nin rəsmi saytı Bakıda keçirilən seminarla bağlı məlumat yaydı

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) rəsmi internet saytında Bakıda keçirilən “Yarış atlarının beynəlxalq daşınmasını asanlaşdırmaq üçün OIE-nin prosedur və standartları” mövzusunda regional seminar ilə bağlı məlumat yayımlanıb.

Foodinfo.az xatırladır ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) birgə regional seminarı çərçivəsində Bakıda 3-5 mart tarixlərində panel müzakirələr aparılıb.

Seminarda 12 ölkənin nümayəndə heyəti iştirak edib. “Yarış atlarının beynəlxalq daşınmasını asanlaşdırmaq üçün OIE-nin prosedur və standartları” mövzusunda keçirilən seminarda AQTA-nın sədr müavini Rüfət Rüstəmzadə çıxış edərək son illər ölkəmizdə qida təhlükəsizliyi sahəsində həyata keçirilən tədbirlər, bu istiqamətində beynəlxalq təşkilatlarla, həmçinin OIE ilə birgə əməkdaşlıq çərçivəsində görülən işlərlə bağlı geniş məlumat verib.

Son illərdə Azərbaycanda qida təhlükəsizliyinin təmin olunması istiqamətində genişmiqyaslı tədbirlərin həyata keçirildiyini qeyd edən R.Rüstəmzadə heyvan sağlamlığı və baytarlıq nəzarəti məsələlərinin daim diqqət mərkəzində saxlanıldığını vurğulayıb. Bildirilib ki, hazırda idman atlarının ölkələr arasında daşınması prosesinin tənzimlənməsi çox aktual məsələdir və Azərbaycan atçılıq idman oyunlarında daim təmsil olunur. Respublikamızda mənşəcə başqa ölkələrə məxsus atların olması idman atlarının yarışlarda iştirak məqsədi ilə daşınması və bu zaman onların sağlamlığının qorunması ciddi nəzarət tələb edir.

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının regional nümayəndəsi Budimir Plavsiç isə Azərbaycanla əlaqələrin yüksək səviyyədə olmasından, bu münasibətlərin bundan sonra daha da inkişaf etdirilməsi istiqamətində həyata keçiriləcək tədbirlərdən danışıb. Qeyd edib ki, ölkəmiz atların Afrika taunu xəstəliyinə görə OIE tərəfindən verilmiş azad statusa malikdir. Bu statusu qorumaq üçün ciddi nəzarət tədbirləri həyata keçirilir.

Tarix: / Foodinfo