“Sağlam məktəbli” layihəsinin növbəti görüşləri keçirilib

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “Sağlam məktəbli” layihəsi çərçivəsində regionlarda yerləşən ümumtəhsil müəssisələrində maarifləndirmə tədbirlərini davam etdirir. Növbəti görüşlər Bərdə şəhəri F.Muradov adına 7 saylı tam orta məktəb və Qobustan şəhəri 1 saylı tam orta məktəbin şagirdləri ilə keçirilib.

Foodinfo xəbər verir ki, görüşdə şagirdlərə Agentliyin həyata keçirdiyi maarifləndirmə tədbirləri haqqında ətraflı məlumat verilib, onlara Agentliyin hazırladığı videoçarxlar təqdim edilib. Daha sonra Agentliyin regional bölmələrinin əməkdaşları tərəfindən məktəblilərə qida təhlükəsizliyinə dair ilkin vərdişlər, qablaşdırma məhsullarının qidaya təsiri, qida məhsullarında etiket məlumatları, fast food-un zərərləri, süd və süd məhsullarının faydaları barədə ətraflı məlumat verilib, şagirdlər arasında müxtəlif intellektual oyunlar keçirilib.

Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, “Sağlam məktəbli” layihəsinin həyata keçirilməsində əsas məqsəd məktəblilər arasında sağlam qidalanmanın təşviqi, qida təhlükəsizliyi anlayışının təbliğ edilməsi və şagirdlərə qida təhlükəsizliyi vərdişlərinin aşılanmasıdır.