Həssas və zəruri sahə üçün vacib olan qeydiyyat

Ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin tərkib hissəsi kimi dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi, qanunvericiliyin və inzibati prosedurların təkmilləşdirilməsi, qanunsuz müdaxilələrin və süni maneələrin aradan qaldırılması qida sahəsində də sahibkarlıq mühitinin inkişafına gətirib çıxarıb. Qida Təhlükəsizliyi Agentliyi bu sahədə bir sıra addımlar atıb. Onlardan biri də bu sahədə fəaliyyət göstərən sahibkarların qeydiyyatıdır. Belə ki, Agentlik qida zəncirinin bütün mərhələlərini əhatə etməklə, qida obyektlərində sahibkarlar tərəfindən həyata keçirilən təsərrüfat fəaliyyətinin, texniki normativ hüquqi aktların tələblərinə, gigiyenik, baytarlıq və fitosanitar tələblərə uyğunluğunun təmin edilməsi məqsədilə həmin subyektləri qeydiyyata alır.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən bildiriblər ki, qida təhlükəsizliyi qeydiyyatı ölkə daxilində qida sahəsində fəaliyyət göstərən, eləcə də xaricdə fəaliyyət göstərən və Azərbaycana qida məhsulları ixrac edən sahibkarlıq subyektləri üzərində nəzarətin həyata keçirilməsi üçün aparılan qeydiyyat prosesidir. Qeydiyyatdan keçmiş subyektlər qida təhlükəsizliyi reyestrinə daxil edilərək onlara “Qida təhlükəsizliyi reyestrindən çıxarış” təqdim edilir. Qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində aparılan genişmiqyaslı islahatların xüsusiyyətlərini və yaratdığı öhdəlikləri nəzərə alaraq keçid dövrü müəyyənləşdirilib və həmin müddətdə sahibkarların qanunun tələbinə əməl olunması istiqamətində çoxsaylı maarifləndirici tədbirlər və çağırışlar edilib. Həmin müddətdə qeydiyyatdan keçməyən sahibkarlar barədə zəruri məlumatlar toplanılıb, onlara bir neçə dəfə bildirişlər təqdim edilib və müvafiq qaydada xəbərdarlıqlar olunub. Təəssüf ki, qida təhlükəsizliyi qeydiyyatının mahiyyəti, habelə əhəmiyyəti və üstünlükləri sahibkarlar tərəfindən düzgün qiymətləndirilmir və nəticədə qida təhlükəsizliyinin təmin edilməsi ilə bağlı dövlət nəzarətini və tənzimləməsini həyata keçirən vahid səlahiyyətli qurum olan Qida Təhlükəsizliyi Agentliyi ilə əməkdaşlıqdan yayınma halları müşahidə edilir və bu səbəbdən ölkədə qida təhlükəsizliyinin bərqərar olmasına, qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən qida subyektləri üzərində dövlət nəzarətinin səmərəli şəkildə qurulmasına mənfi təsir göstərir.

Agentlik qanunvericiliyin icrasını, eləcə də dövlət tərəfindən müəyyən edilən öhdəliklərin həyata keçirilməsini təmin etmək məqsədilə 2020-ci ilin yanvarından qida təhlükəsizliyi qeydiyyatından keçməyən sahibkarlıq subyektləri üzərində nəzarəti daha da gücləndirəcək. Bu məqsədlə nəzarət yoxlama tədbirləri aparılacaq və aşkar olunan qeydiyyatsız müəssisələrin fəaliyyəti məhdudlaşdırılacaq. Eyni zamanda həmin müəssisələrin məhsulları dövriyyədən çıxarılacaq və qanunsuz fəaliyyətə görə inzibati tədbirlər görüləcək. Ona görə də sahibkarların qısa müddət ərzində qida təhlükəsizliyi qeydiyyatından keçməyi tələb olunur. Maraqlıdır, sahibkarların qeydiyyata alınmasının önəmi nədir? Bu addımdan qida təhlükəsizliyi sahəsində hansı müsbət dəyişikliklərlə müşahidə olunacaq?

Qida mühəndisi İsa Əliyev bu addımı yüksək qiymətləndirdiyini və növbəti mərhələdə qida sahəsində müsbət nəticələrin əldə oluna biləcəyini qeyd etdi: “Ona görə ki, yaxın zamanlarda, xüsusilə də yay mövsümündə qidadan zəhərlənmə halları geniş yayılmışdı. Xüsusilə də şadlıq saraylarında, kafelərdə bu cür zəhərlənmələrin şahidi olduq. Bundan başqa, tələbələrin də marketdən aldıqları qidalardan zəhərlənmə faktları var. Bu kimi halların qarşısını almaq və ya minimuma endirmək üçün qida sahəsində fəaliyyət göstərən bütün obyektlər Qida Təhlükəsizliyi Agentliyinin nəzarətində olmalıdır. Hazırda qeyd edilən bu addım ilk deyil. Agentlik bir müddət öncə daha çox maarifləndirici istiqamətdə müəyyən işlər görüb. Yəni otellərə, şadlıq saraylarına, kafelərə reydlər keçirirdilər. Bu reydlər isə qeyd etdiyim kimi, maarifləndirmə xarakteri daşıyırdı. Bir çox hallarda həmin obyektlərə cərimələr tətbiq edilmirdi. Agentlik onları birgə əməkdaşlığa çağırırdı. Amma təəssüflər ki, qarşı tərəf bundan yayınır. Bu da onu göstərir ki, həmin obyektlərin istehsal və ya müştəriyə təqdim etdikləri qidalarda şübhəli hallar var. Bunun da kimsə tərəfindən bilinməsini istəmirlər. Hazırda bir çox inkişaf etmiş ölkələrdə qida istehsal müəssisəsinin sadəcə keyfiyyəti və ya qeydiyyatı yoxlanılmır. Eyni zamanda qidanın istehsalında istifadə edilən məhsulların da firmalarının sertifikatları tələb edilir. Məsələn, bir restoran müştəriyə ət yeməyi təklif edirsə, həmin restoranın özünün keyfiyyət sertifikatından başqa, ətin alındığı firmanın da sertifikatı tələb edilir. Bu da zəncirvarı şəkildə qidanın bizim önümüzə gələnədək keçdiyi prosesdən xəbər verir”.

İqtisadçı Rəşad Həsənovun sözlərinə görə, Agentlik, uzun müddətdir ki, sahibkarları qeydiyyatdan keçməyə səsləsə də, bütün sahibkarlar qeydiyyatdan keçməyib və buna görə də növbəti ildən nəzarət tədbirləri sərtləşəcək: “Qida sahəsində fəaliyyət göstərən obyektlərin qeydiyyata alınması qidanın bütün mərhələlərinə nəzarət etmək məqsədi daşıyır. Bu zaman məhsulların həm fitosanitar, həm də gigiyenik, baytarlıq qiymətləndirilməsi aparılır. Yəni bütün bunlar qida sektorunda fəaliyyət göstərən sahibkarlar üçün məcburidir. Lakin təəssüf ki, bütün sahibkarlar qeydiyyatdan keçməyib. Ona görə, Agentlik belə addım atmağa, yəni artıq yanvar ayından sərt tədbirlər görməyə məcburdur. 2020-ci ildən monitorinqlər başlayacaq və qeydiyyatdan keçmədiyi müəyyən edilən sahibkarların fəaliyyəti ya məhdudlaşdırılacaq, ya da cərimələr tətbiq ediləcək”.

Ekspert yeyinti sahəsinin olduqca həssas və bu baxımdan nəzarətin qaçılmaz olduğunu deyir: “Əvvəlki dövrlərdə bu sahəyə nəzarət edən qurumların fəaliyyətində nöqsanlar olub. Bir sıra hallarda qeydiyyat sertifikatları satılırdı və demək olar ki, məhsulların müvafiq standartlara uyğunluğu yoxlanılmırdı. Amma bu sahə kifayət qədər həssas və zəruri istehlak növü olduğundan, bu istiqamətdə daha ciddi dövlət nəzarəti mütləqdir. Bu da növbəti mərhələdə daha keyfiyyətli qidanın istehsalı və istehlakı üçün zəmin yaradır”.

Tarix: / Foodinfo